Ərdoğan və Tramp arasında görüş başlayıb
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüş başlayıb.
Patrulaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Ağ Evdə rəsmi mərasimlə qarşılanıb. Mərasimdən sonra iki lider mətbuat qarşısında açıqlama veriblər.
Prezident Ərdoğan çıxışında BMT Baş Assambleyası çərçivəsində həyata keçirilən bu səfərin əhəmiyyətinə toxunaraq, iki ölkə arasında müdafiə məsələlərinin müzakirə olunacağına inandığını bildirib:
“Biz Türkiyə–Amerika münasibətlərində həm cənab Trampın birinci, həm də ikinci dövründə fərqli bir mərhələ yaşayırıq. Onun da qeyd etdiyi kimi, mən də inanıram ki, bu gün F-35-lərlə bağlı məsələyə qədər toxunacağıq. “F-16” və “Heybeliada Məktəbi” ilə əlaqədar isə geri dönəndə cənab Bartolomeylə müzakirə aparmaq imkanım olacaq”, – deyə Ərdoğan vurğulayıb.
ABŞ prezidenti Donald Tramp isə Ərdoğanın güclü bir ordu formalaşdırdığını qeyd edib və onu Ağ Evdə qəbul etməyin onlar üçün şərəf olduğunu bildirib:
“Biz Türkiyə ilə çox iş görürük. Türkiyə keyfiyyətli məhsullar istehsal edir. Biz onlardan çox şey alırıq, onlar da bizdən çox şey alırlar”, – deyə Tramp əlavə edib.
Gülbəniz Səfərova






