Ərdoğanın BMT-dəki çıxışı zamanı mikrafon qəsdən söndürülüb? - POLİTOLOQ AÇIQLADI
Sentyabrın 23-də BMT-də Qəzza ilə bağlı müzakirələr zamanı diqqətçəkən an yaşanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fələstin məsələsinin həllinin tapılması və iki dövlətli həllin həyata keçirilməsi” adlı konfransda İsrailin bölgədə törətdiyi fəlakətlərdən danışarkən mikrofonu söndürülüb. Prezidentin çıxışının son 1 dəqiqə 40 saniyəsini heç kimin eşitməməsi beynəlxalq mediada da geniş narazılıqla qarşılanıb.
Daha sonra bununla bağlı Rabitə İdarəsi rəsmi açıqlama yayaraq, çıxış edənlərə 5 dəqiqə vaxt verildiyi, bu səbəbdən mikrofonun söndürüldüyü, başqa səbəbin olmadığı bildirilib. Buna görə də liderin çıxışı 5 dəqiqəni keçdiyi üçün söndürülüb.
Maraqlıdır ki, bu planlı şəkildə qəsdən edilib yoxsa təsadüf nəticəsində baş verib?
Bu məsələ ilə bağlı politoloq Turan Rzayev Patrulaz.az-a açıqlamasında bildirib ki, Ərdoğanın bununla bağlı çağırışları daha əvvəl də bu cür hörmətsiz şəkildə kəsilib.
Politoloqun fikrincə, bu təsadüf deyil, məqsədli şəkildə atılmış bir addımdır:
“Böyük ehtimalla bu, qəsdən atılmış bir addımdır. Çünki Ərdoğana qarşı illər əvvəl Davos Forumunda da bənzər bir hörmətsizlik edilmişdi. Faktiki olaraq Ərdoğan İsrail və Qəzza məsələsində, eləcə də digər münaqişələrdə ən açıq sözlü, hətta deyərdim ki, diplomatik etiketi bir kənara qoyaraq daha subyektiv yanaşan şəxsdir. Onun bu çağırışları çox vaxt bu cür hörmətsiz şəkildə kəsilib. Bunun təsadüf olduğunu düşünmürəm. Məqsədli şəkildə atılmış bir addımdır. Bir daha qeyd edirəm ki, Davos Forumunda da bunun bənzəri yaşanmışdı. Məşhur “One minute” hadisəsi də həmin vaxt baş vermişdi. Elə Türkiyə-İsrail gərginliyinin başlanğıc mərhələlərindən biri də məhz o vaxt atılmış addım idi.
İsrailin Qəzzada apardığı əməliyyatlar artıq antiterror əməliyyatları deyil. Bəli, bu fikri mən də dəfələrlə qeyd etmişəm ki, İsrail Qəzzada HƏMAS-a qarşı antiterror əməliyyatları aparırdı. Çünki HƏMAS ilk olaraq İsrailə hücum etmiş və bundan sonra İsrail genişmiqyaslı əməliyyatlara başlamışdı. Amma antiterror əməliyyatı o vaxt sayılır ki, məsələn, müqayisə nə dərəcədə doğru olar bilmirəm, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirmişdi və bu əməliyyat zamanı mülki ermənilərə və ya mülki obyektlərə heç bir zərər vurulmamışdı. Azərbaycan çox peşəkar və dəqiqliklə hərəkət etmişdi. Hətta Azərbaycan istifadə etdiyi silahların arasında İsrail istehsalı olanlar da var idi.
İndi isə İsrailin özündə həmin silahların on qat daha güclüsü olmasına baxmayaraq, Qəzzada mülki şəxsləri öldürməsi, mülki obyektləri vurması, qadın, uşaq, qoca demədən qətliamlar törətməsi açıq şəkildə baş verir və bunu bütün dünya ictimaiyyəti görür. Yəni, İsrailin etdikləri faktiki olaraq etnik təmizləmə və işğal siyasətidir. Bunu da artıq açıq şəkildə demək lazımdır. Dünya ictimaiyyəti də bunu qəbul edir”.
T. Rzayev vurğulayıb ki, artıq Ərdoğanın səsini kəsməyə çalışsalar belə, böyük ehtimalla digər liderlər də bu məsələyə etiraz edəcək və İsrail geri addım ata bilməyəcək:
“Təsadüfi deyil ki, Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, hətta Fransa belə, Fələstini müstəqil dövlət kimi tanıyıb. Əslində kifayət qədər çox dövlət tanımışdı, amma xüsusilə bu dövlətlərin tanıması məsələnin ciddiliyindən xəbər verir.
Artıq Ərdoğanın səsini kəsməyə çalışsalar belə, böyük ehtimalla digər liderlər də bu məsələyə etiraz edəcək və İsrail geri addım ata bilməyəcək. Təbii ki, bunun indi Fələstinə faydası olacaqmı, olmayacaqmı sual altındadır. Amma qətnamə qəbulu məsələsi var. ABŞ əgər veto hüququndan istifadə etməsə, qətnamələr qəbul edilə bilər”.
Cəmilə Cəfərzadə






