media-inshot_20260429_194236625

Ermənistan tərəfi beynəlxalq təşkilatları növbəti dəfə aldatmağa çalışır.

Patrul.az xəbər verir ki, Qarabağda vaxtilə qanunsuz fəaliyyət göstərmiş separatçı rejimin həbs olunmuş rəhbər şəxslərinin qohumları və dostları BMT-yə müraciət edərək onların azad olunmasını tələb ediblər.

Ermənistan mediasının yaydığı məlumata görə, müraciətdə Levon Mnatsakanyan, David Babayan, Madat Babayan, Levon Balayan, Vasili Beqlaryan, Erik Qazaryan və David İşxanyan kimi şəxslərin azadlığa buraxılması istənilib.

Yaxınları iddia edirlər ki, bu şəxslərin həbsi “özbaşına” xarakter daşıyır. Onlar rəsmi Bakıdan BMT İşçi Qrupunun məhbusları ziyarət etməsinə şərait yaradılmasını və onların dərhal sərbəst buraxılmasını tələb ediblər.

Lakin bu iddialar heç bir hüquqi əsasa söykənmir və real faktları əks etdirmir.

Azərbaycan tərəfinin mövqeyi və məhkəmə prosesinin gedişatı aşağıdakı həqiqətləri ortaya qoyur:

Bu şəxslərin saxlanılması Azərbaycanın daxili qanunvericiliyinə və beynəlxalq hüquq normalarına tam uyğundur.

5 fevral 2026-cı il tarixində Bakı Hərbi Məhkəməsi tərəfindən oxunan hökmə əsasən, separatçı rəhbərlər sülh və insanlıq əleyhinə cinayətlər, soyqırımı (o cümlədən Xocalı faciəsində iştirak), terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələr yaratma kimi 20-dən çox ağır maddə ilə mühakimə olunublar.

Arayik Arutyunyan, Levon Mnatsakanyan və David Babayan kimi şəxslər ömürlük, digərləri isə 15 ildən 20 ilədək müddətli həbs cəzası alıblar.

“Özbaşına həbs” iddialarının əksinə olaraq, istintaq və məhkəmə dövründə həmin şəxslərin bütün hüquqları qorunub. Onlar vəkillə təmin olunub, ailə üzvləri ilə əlaqə saxlayıblar. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mütəmadi olaraq onlara baş çəkmiş və saxlanma şəraiti ilə yerində tanış olmuşlar.

Məhkəmə prosesi zamanı şahid ifadələri və toplanmış maddi sübutlarla bu şəxslərin 1990-cı illərdən etibarən Azərbaycanın suverenliyinə qarşı fəaliyyətlərdə birbaşa iştirakı və rəhbərliyi tam sübuta yetirilib.

Azərbaycan Respublikası öz suveren ərazilərində törədilmiş bəşəri cinayətlərə görə hər bir şəxsin qanun qarşısında cavab verməsini təmin edir. Ermənistanın “humanitar” adı altında apardığı bu siyasi kampaniya Azərbaycanın müstəqil məhkəmə qərarlarına və tarixi ədalətin bərpasına mane ola bilməz.


Bənzər xəbərlər