Paşinyan dünənki görüşü “tarixi hadisə" adlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda baş tutan Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşünə reaksiya verib.
Patrul.az xəbər verir ki, Paşinyan tərəflərin qarşılıqlı səfərlərini “tarixi hadisə” adlandırıb.
“Mən iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi çərçivəsində tarixi hesab edirəm. Mən çox şadam ki, biz bu mərhələyə çatdıq”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, aprelin 30-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana səfər edib. Səfər çərçivəsində Şahin Mustafayev Ermənistanın baş nazir müavini Mher Qriqoryan ilə, həmçinin Azərbaycan və Ermənistanın sərhəd delimitasiyası üzrə komissiyaları Ağveranda danışıqlar aparıblar.
Tərəflər delimitasiya prosesinin təşkilati və texniki aspektlərini müzakirə edib, müəyyən razılaşmalar əldə edib və prosesi tənzimləyən təlimat layihələri üzrə mübadilə aparıblar.
Həmçinin rəsmilər komissiyaların növbəti iclasının tarixinin iş prosedurlarına uyğun olaraq Azərbaycanda müəyyən edilməsi barədə razılığa gəliblər.






