“Ermənistan getdikcə ölkəsini və regionu münasibətlərdə daha çox gərginliyə aparır” - ŞƏRH
“Bu Ermənistan baş nazirinin növbəti dəfə beynəlxalq birliyin fikrini çaşdırmaq və prosesi uzatmağa yönəlib. Azərbaycanın Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərlə bağlı irəli sürdüyü təkliflərdən yayınmaq, guya belə təkliflərə açıq olduğunu nümayiş etdirməyə çalışır, lakin əməldə biz bunun əksini görürük, proses uzanır, Ermənistan Azərbaycanın haqlı tələbləri ilə bağlı heç bir real addım atmaq istəmir, əksinə Azərbaycan konstitusiyası ilə bağlı iddialar irəli sürür”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi sərsəm iddiaları Patrulaz.az üçün şərh edərkən siyasi şərhçi Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Ermənistan illərdir Azərbaycan torpaqlarını işğalda saxlayıb, bunu Azərbaycan öz gücü hesabına aradan qaldırdı:
“İndi Ermənistan bir daha Azərbaycana qarşı ərazi iddiasında olmayacağına dair zəmanəti məhz konstitusiyasına dəyişikliklə sübut etməlidir, lakin Paşinyan bu haqlı tələbləri yerinə yetirməmək üçün Azərbaycana qarşı əks tələblər irəli sürür, bu isə Azərbaycan və Ermənistan arasında sülh prosesini bir daha ləngidir və sülhlə bağlı mövcud imkanların itirilməsinə səbəb olur. Hesab edirəm ki, 6-cı Avropa Siyasi Liderlər Forumu sülh prosesi üçün bir fürsət və imkan idi.

“Ermənistan baş naziri də ilk dəfə idi ki, Azərbaycan televiziya kanalına müsahibə verirdi, Paşinyanın iki ölkə arasında münasibətlərin yumşalması ilə bağlı açıqlamaları gözlədiyimizin əksinə olaraq ölkəmizə qarşı yeni tələblər irəli sürdü, bu isə əksinə vəziyyətin daha da gərginləşməsinə və sülhdən uzaqlaşmağa bir cəhddir. Ermənistan getdikcə ölkəsini və regionu münasibətlərdə daha çox gərginliyə aparır və unudur ki, onun təmsil etdiyi ölkəsi 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayıb. Müharibədən sonra rəsmi İrəvan kompromisə getməli, əks iddialar irəli sürməkdən çəkinməlidir”,- deyə o əlavə edib.
Ləman Sərraf






