"Əsgərin üstünə qışqırdı" - Quba xəstəxanasında özbaşınalıq İDDİASI - VİDEO
Quba Rayon Mərkəzi Xəstəxanasında mövcud özbaşınalıq vətəndaşların narazılığına səbəb olub.
Patrulaz.az-a daxil olan şikayətə görə, uşağını göz həkiminə gətirən valideynlərdən birinin iddiasına əsasən, sözügedən xəstəxanada ciddi qayda pozuntuları müşahidə olunur.
Belə ki, xəstəxanada müxtəlif sahələr üzrə həkimlər xidmət göstərməli olduğu halda, hazırda yalnız göz həkimi fəaliyyət göstərir. Şikayətçinin sözlərinə görə, həmin həkim isə xəstələrlə aqressiv davranır:
“Bütün otaqlar bağlıdır. Nə baş həkim var, nə də müdir. 1 saat növbədə qalmışıq. Kimə yaxınlaşırıq, heç kim danışmır. Belə şey olar? Özbaşınalıqdır”, – deyə vətəndaş bildirib.
Quba sakininin sözlərinə görə, xəstəxanada çalışan və 57 nömrəli otaqda pasiyentləri qəbul edən oftalmoloq Mehdiyeva Gülşən xəstələrlə kobud şəkildə davranır. Onun iddiasına əsasən, həkim hətta hərbi komissarlıqdan göndərilən əsgərə qarşı da qeyri-peşəkar münasibət göstərib:
“Nə normal şəkildə insanları qəbul edir, nə mədəniyyət bilir. Gələn əsgərlə də elə kobud şəkildə davranıb qışqırdı ki, əsgər əsəbləşib qapını çırpıb getdi”.
Görüntülərdə isə insanların əllərində kağızlarla sıraya düzülərək şikayətləndikləri də əks olunub.
Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasında baş verənlər ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Patrul.az məsələni diqqətdə saxlayacaq.
Gülbəniz Səfərova






