"Qarabağ"ın müdafiəçisi vətəninə qayıtmaq istəyir - Transferin pərdəarxası və detalları
“Qarabağ” klubunun braziliyalı sağ cinah müdafiəçisi Mateus Silva növbəti transfer pəncərəsində Ağdam təmsilçisi ilə yollarını ayırmağa hazırlaşır.
Patrul.az xəbər verir ki, 29 yaşlı futbolçu Braziliya mətbuatına verdiyi açıqlamada vətəninə qayıtmaq istədiyini və bunun karyerasında yeni sınaq üçün ideal seçim olduğunu təsdiqləyib.
M. Silva UEFA turnirlərində göstərdiyi sabit və uğurlu çıxışdan sonra Braziliya A Seriyası klublarının diqqət mərkəzinə düşüb. Braziliyanın “Vitoriya” klubu müdafiəçini transfer etmək üçün “Qarabağ”la rəsmi ilkin danışıqlar aparıb. Bundan başqa, ölkənin köklü klublarından olan “Botafoqo”nun da futbolçunun xidmətində maraqlı olduğu bildirilirdi.
İlin əvvəlində gələn diqqətçəkən təkliflərə baxmayaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi mövsümün həlledici mərhələsində heyətin qorunmasını vacib hesab etdiyindən futbolçunun gedişinə icazə verməmişdi.
Silva həmin vaxt bu barədə danışarkən bunları deyib:
“Bu ilin əvvəlində təkliflər almışdım, amma komandam qalmağımın vacib olduğunu düşünürdü”.
Hazırda vəziyyətin dəyişdiyini bildirən futbolçu, vətənində yeni çağırışlara hazır olduğunu vurğulayıb. Silva həmçinin “Instagram” hesabında Braziliyada divara çəkilmiş “Qarabağ” loqosunun fonunda çəkilmiş fotosunu paylaşaraq kluba və azarkeşlərə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Silvanın “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, Ağdam təmsilçisinə 2023-cü ilin avqustunda Bolqarıstanın “Lokomotiv Plovdiv” klubundan transfer olunub.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun transferi vaxtilə təxminən 350 min avroya başa gəlib. Hazırda isə onun bazar dəyəri 1,2 milyon avro civarında qiymətləndirilir. Müqaviləsi davam etdiyi üçün Braziliya klubları transferi reallaşdırmaq üçün “Qarabağ”a təzminat ödəməlidirlər.
“Qarabağ”da 2 nömrəli formanı geyinən braziliyalı müdafiəçi Ağdam klubunun heyətində 100-dən çox rəsmi oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
UEFA Çempionlar Liqası və digər Avrokubok oyunlarında Mateus Silva əsas heyətin dəyişməz üzvlərindən biri olub. Bu turnirlərdə onun dəqiq ötürmə göstəricisi orta hesabla 84 faiz təşkil edib və hər oyunda orta hesabla 2 uğurlu təklinq edib.
Azərbaycan Premyer Liqası və ölkə kubokunda isə futbolçu 65-dən çox matçda meydana çıxıb. Bu oyunlarda onun dəqiq ötürmə faizi orta hesabla 88 faiz olub və sağ cinahda sabit çıxışı ilə seçilib.
Gülbəniz Səfərova






