Azərbaycanda kitabların qiyməti niyə "od tutub yanır?" - İqtisadçı RƏYİ
Ölkəmizdə son illərdə kitabların qiymətinin artması müşahidə olunur. Halbuki müasir dövrdə elektron kitablar, PDF formatlı nəşrlər və digər rəqəmsal alternativlər geniş yayılıb. Belə olan halda, kitabların qiymətinin ucuzlaşmaq əvəzinə bahalaşmasının əsas səbəbləri nələrdir?
Bununla bağlı Patrul.az-a iqtisadçı Natiq Cəfərli fikirlərini bölüşüb. Onun sözlərinə görə, ölkəmizdə kitabların baha olmasının əsas səbəbi kağızın xaricdən idxal edilməsidir:
“Bazarda nisbətən ucuz kitablar da var. Hətta bununla bağlı müxtəlif aksiyalar da təşkil olunur. Ümumilikdə isə ölkəmizdə kitabların baha olmasının əsas səbəbi kağızın yerli istehsal edilməməsi və xaricdən idxal olunmasıdır. Çap materiallarının qiyməti artdıqca, kitabların qiyməti də yüksəlir”.

Ekspert kitabların bahalaşmasının ikinci səbəbi kimi kitab mağazalarının yüksək icarə və digər fəaliyyət xərclərini göstərib:
“İkinci səbəb isə oflayn mağazaların yüksək icarə haqları və digər xərcləridir. Onlar bu xərcləri qarşılamaq üçün kitabları məcburən daha yüksək qiymətə satışa çıxarırlar”.
Həmsöhbətimiz sonda kitab qiymətlərinin sabitləşməsi üçün çıxış yolunu da təqdim edib:
“Bu problemin həlli onlayn kitab mağazalarının sayının artmasından keçir. Güman edirəm ki, bu proses tədricən baş verəcək. Artıq ölkəmizdə onlayn fəaliyyət göstərən kitab mağazalarının sayı gündən-günə artır. Ehtimal edirəm ki, bu tendensiya gücləndikcə kitab qiymətləri də sabitləşəcək”.
Gülbəniz Səfərova






