ABŞ-Türkiyə münasibətlərində yeni səhifə açılır? - ŞƏRH
Son vaxtlar ABŞ və NATO arasında olduqca kəskin ziddiyətlər mövcuddur. Hətta Prezident Donald Trampın NATO nun Ankara sammitinə gəlməyə həvəs göstərmədiyi barədə məlumatlar mövcud idi. Ancaq Donald Tramp sonradan bəyan etdi ki, Ankara sammitinə yalnız ona görə gələcək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məmnun edə bilsin.
Görəsən, Tramp Administrasiyasının Türkiyə siyasətində nələr dəyişir?
Politoloq Rəşad Bayramov mövzu ilə bağlı Patrul.az-a şərh edib.
O bildirib ki, Tramp Administrasiyasının Türkiyə siyasətində müşahidə olunan dəyişikliklər, ilk növbədə praqmatik geosiyasi yanaşmanın güclənməsinin göstəricisidir:
“Trampın NATO-nun Ankara sammitinə qatılmasını məhz Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri ilə əlaqələndirməsi göstərir ki, Vaşinqton Türkiyə ilə dialoqda liderlərarası diplomatiyaya daha çox üstünlük verir. Son sammitdə Trampın Türkiyəyə qarşı sanksiyaların yumşaldılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müsbət mesajlar verməsi də bu tendensiyanı gücləndirib.
Müşahidələr göstərir ki, ABŞ administrasiyası Türkiyəni artıq problemli NATO müttəfiqi kimi görmür. Əksinə, Yaxın Şərq, Qara dəniz, Cənubi Qafqaz və Şərqi Aralıq dənizi kimi strateji regionlarda əvəzolunmaz tərəfdaş kimi qiymətləndirir. Bu da təsadüfi deyil, çünki, Rusiya-Ukrayna müharibəsi, İran ətrafında artan gərginlik və Çinlə qlobal rəqabət fonunda Ankaranın geosiyasi çəkisi daha da yüksəlib. Bu səbəbdən Vaşinqton fikir ayrılıqlarını tam aradan qaldırmasa da, onları münasibətlərin əsas gündəliyinə çevirmək istəmir”.

Digər mühüm dəyişikliyin müdafiə sənayesi sahəsində özünü göstərdiyini vurğulayan R.Bayramov əlavə edib:
“Son açıqlamalar göstərir ki, Tramp administrasiyası Türkiyənin yenidən F-35 proqramına qayıtması və müdafiə sənayesi üzrə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə etməyə hazırdır. Bununla belə, bu istiqamətdə yekun qərarlar yalnız Ağ Evdən deyil, həm də ABŞ Konqresinin mövqeyindən asılı olacaq. Buna görə də prosesin sürətli və maneəsiz olacağını gözləmək düzgün olmazdı”.
“Bununla yanaşı, Vaşinqtonun ənənəvi bəhanəsi olan insan hüquqları, demokratiya və hüququn aliliyi kimi məsələləri əvvəlki administrasiyalarla müqayisədə ikinci plana keçirməsi də diqqət çəkir. Tramp administrasiyası üçün əsas prioritet təhlükəsizlik, regional sabitlik, enerji marşrutları və NATO-nun cənub cinahının möhkəmləndirilməsidir. Bu isə Ankara ilə münasibətlərdə daha çevik və nəticəyönümlü siyasətin formalaşdığını göstərir”,- deyə o, sözlərini sonlandırıb.
Ləman Sərraf






