Əslində “Mavi Balina” nədir? - MÜTƏXƏSSİS RƏYİ
Dekabrın 1-i saat 01 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 13 yaşlı yeniyetmə qız özünü yaşadıqları evdən asıb. İlkin ehtimala görə, yeniyetmə “Mavi balina” oyununun qurbanı olub.
Bəs əslində “Mavi Balina” nədir?
Patrul.az mövzu ilə bağlı İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafanın fikirlərini təqdim edir:
“ “Mavi Balina” rəsmi bir telefon oyunu və ya tətbiq deyil – nə Google Play, nə App Store nə də başqa mənbələrdə belə bir proqram- tətbiq mövcud olmayıb. Bu sosial şəbəkələrdə yayılan təhlükəli bir qorxulu ənənə – tapşırıq zənciridir.
İddialara görə, tanımadığınız biri şəxsi mesajla “Mavi Balina oynamaq istəyirsən?” deyə yazır və 50 gün boyunca müxtəlif tapşırıqlar göndərir. Hər tapşırığın foto ilə təsdiqi tələb olunur. Ən son tapşırığın intihar olduğu iddia olunur. Bu proses adətən qapalı qruplarda və şəxsi yazışmalarda baş verir”.

Mütəxəssis bildirib ki, belə “oyunları” quranlar adətən həyatda özünə yer tapa bilməyən, özünü hardasa təsdiqlətməyə çalışanlar, oynayanlar isə çox vaxt iradəsi zəif, təsirə açıq yeniyetmələr olur:
“Qurbana çevrilə biləcək riskli qruplar:
– Yaşca kiçik yeniyetmələr
– Özünü tənha və ya dəyərsiz hiss edən gənclər
– Psixoloji çətinlik yaşayanlar
– Təhdid və qorxudan asan təsirlənənlər”.
Araz Mustafa valideynlərə tövsiyələrini də qeyd edib:
“Övladlarınızı sosial şəbəkələrdə nəzarətsiz qoymayın. Onların hesablarına, mesajlarına daim diqqət edin, onlarla mütəmadi ünsiyyətdə olun.
Uşaqlarımızın təhlükəsizliyi hər şeydən önəmlidir”.
Ləman Sərraf






