Ətin bahalaşmasına səbəb nədir? – İqtisadçı açıqladı
Son günlərdə ətin qiymətində kəskin bahalaşma müşahidə olunur. Əvvəl bir kiloqramı 22–23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur. Mal ətinin qiymətində isə 2–3 manat artım var.
Bəs ət bazarındakı bu bahalaşma nə ilə əlaqədardır və nə qədər davam edəcək?
Patrul.az mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrini öyrənib:
“Hal-hazırda dabaq xəstəliyi və logistika problemləri səbəbindən ətin bahalaşması müşahidə olunur. Artıq qış mövsümü yaxınlaşır və bu da heyvanların yemlənməsi xərclərini artırır. Fermerlər yem, qida əlavələri və digər ehtiyaclar üçün daha çox vəsait xərcləməli olurlar. Hətta bəzi hallarda heyvanlar açıq şəraitdə deyil, qapalı şəraitdə bəsləndiyi üçün əlavə xərclər yaranır.”
İqtisadçı bildirib ki, bütün bunlar qiymətlərə təzyiq yaradır:
“Bundan əlavə, dabaq xəstəliyi və onunla əlaqədar tətbiq olunan karantin tədbirləri heyvanların bazara çıxarılmasını çətinləşdirib. Bir çox bölgələrdə logistika məhdudiyyətləri, satış qadağaları və nəqliyyat çətinlikləri mövcuddur. Bu isə fermerlərin işini xeyli ağırlaşdırır və onların xərclərini artırır. Eyni zamanda, dövlətin valyuta ehtiyatları zəiflədiyi üçün idxal olunan məhsullar da bahalaşır.
Mövcud şəraitdə yerli qırmızı ət (mal və qoyun əti) bazarda ciddi alıcı itkisi ilə üzləşib. Bu da yerli istehsalın zəifləməsi riskini artırır və gələcəkdə daha dərin iqtisadi fəsadlara yol aça bilər.”
“Mən hesab edirəm ki, artıq dabaq xəstəliyinin yayılma riski azalıb. Bu səbəbdən karantin rejiminin tezliklə ləğv olunması məqsədəuyğun olardı. Hökumət bu məsələ ilə bağlı daha çevik və mütərəqqi addımlar atmalıdır. Çünki kənd təsərrüfatı sahəsinin durğunluğu ümumi iqtisadi tarazlığa mənfi təsir göstərə bilər”, – deyə o əlavə edib.
Ləman Sərraf






