Fidan Azərqızı: "Oyuncaq seçərkən populyarlıq yox, uşağın inkişafı əsas götürülməlidir”
Oyuncaq istehsalçısı ZURU şirkətinin təqdim etdiyi “My Mini Baby-Mom & Baby Surprise” adlı yeni hamilə kukla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kukla yalnız hamilə görünüşü ilə deyil, anatomik detalları ilə də diqqət çəkir. Qarın hissəsindəki plastik örtük açıldıqda, içərisində şəffaf jelə bənzər maddənin yerləşdiyi kisədə körpə maketi görünür. Oyuncağın konsepsiyasına əsasən, uşaqlar bu kisəni çıxarıb sıxaraq körpə oyuncağını ondan ayırırlar. Daha sonra isə kuklanın qarnı əvvəlki hamar formasına qayıdır.
Belə oyuncaqların istehsal və satış məqsədi nədir? Onlar uşaqların psixoloji inkişafına və davranışına hansı mənfi təsirləri göstərə bilər?
Psixoloq Fidan Azərqızı son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan hamilə kukla ilə bağlı Patrul.az-a danışıb.
O bildirib ki, uşaqlar üçün hazırlanan oyuncaqların seçimi zamanı onların yaş xüsusiyyətləri və psixoloji inkişaf səviyyəsi mütləq nəzərə alınmalıdır.
Fidan Azərqızının sözlərinə görə, hər bir oyuncaq yalnız əyləncə vasitəsi deyil, həm də uşağın inkişafına təsir göstərən vasitədir:
“Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan hamilə kukla ətrafında yaranan fikir ayrılığı təsadüfi deyil. Uşaqlar üçün hazırlanan hər bir oyuncağın yalnız əyləncə vasitəsi deyil, eyni zamanda inkişaf və öyrənmə aləti olduğunu unutmamalıyıq. Buna görə də belə məhsulların psixoloji baxımdan qiymətləndirilməsi vacibdir.
Bu tip oyuncaqların əsas məqsədi bazarda fərqlənmək, uşaqlarda maraq oyatmaq və satış həcmini artırmaqdır. İstehsalçılar bunu rol oyunlarını inkişaf etdirən, ailə münasibətlərini və valideynlik anlayışını öyrədən oyuncaq kimi təqdim etsələr də, hər yaş dövrü üçün eyni dərəcədə uyğun hesab edilə bilməz”.

Psixoloq qeyd edib ki, məktəbəqədər yaşlı uşaqlar belə oyuncaqlarda təqdim olunan məlumatları olduğu kimi qəbul edə bilərlər:
“Məktəbəqədər yaşlı uşaqlar hələ reallıqla fantaziyanı tam ayırd edə bilmirlər. Hamiləlik və doğuş kimi mürəkkəb bioloji prosesin oyuncaq üzərində sadələşdirilərək təqdim edilməsi uşaqlarda bu mövzu haqqında yanlış və səthi təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Uşaq oyunda gördüyünü gerçək həyatın bir hissəsi kimi qəbul etdiyindən, bəzən hadisələri düzgün mənalandırmaqda çətinlik çəkə bilər.
Digər tərəfdən, anatomik detalları olan bu cür oyuncaqlar bəzi uşaqlarda yaşına uyğun olmayan maraq yarada, bəzilərində isə narahatlıq və qorxu hissini gücləndirə bilər. Xüsusilə emosional həssas, təşvişə meyilli və ya müxtəlif qorxuları olan uşaqlarda bu təsirlər daha qabarıq müşahidə oluna bilər”.
Müsahibimiz əlavə edib ki, bu tip oyuncaqlar xüsusilə müəyyən yaş və inkişaf xüsusiyyətlərinə malik uşaqlar üçün risk daşıya bilər:
“Bu cür oyuncaqların mənfi təsir göstərə biləcəyi əsas qrup 3–6 yaşlı uşaqlardır. Bu yaş dövründə uşaqlar simvolik düşüncə mərhələsində olduqları üçün oyunda gördüklərini olduğu kimi qəbul etməyə meyillidirlər. Həmçinin autizm spektr pozuntusu və ya digər inkişaf xüsusiyyətləri olan uşaqlarda belə oyuncaqların məzmununun düzgün qavranılması daha çətin ola bilər. Ailəsində hamiləlik itkisi, doğuş travması və ya körpə ilə bağlı ağır emosional təcrübə yaşamış uşaqlarda isə bu tip oyuncaqlar həssas mövzuları yenidən gündəmə gətirə bilər”.
Psixoloqun fikrincə, əsas məsələ oyuncağın özü deyil, onun uşağın yaşına və inkişaf səviyyəsinə uyğun seçilməsidir:
“Burada əsas məsələ oyuncağın mövcudluğu deyil, onun uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olub-olmamasıdır. Valideyn uşağın oynadığı oyuncaqları izləməli, lazım gəldikdə izah verməli və yaşına uyğun seçim etməlidir. Uşaqda narahatlıq, qorxu və ya yaşına uyğun olmayan davranış və maraqlar müşahidə olunursa, həmin oyuncağın istifadəsi yenidən qiymətləndirilməlidir.
Unutmamalıyıq ki, uşağın psixoloji inkişafında ən vacib prinsip yaşa uyğunluqdur. İnkişaf mərhələsinə uyğun seçilməyən hər bir oyuncaq, istər hamilə kukla, istər zorakılıq elementləri daşıyan, istərsə də həddindən artıq real anatomik detallara malik məhsul olsun, uşağın emosional, idrak və sosial inkişafına mənfi təsir göstərə bilər. Buna görə də oyuncaq seçərkən onun populyarlığından daha çox, uşağın inkişaf ehtiyacları nəzərə alınmalıdır”.
Ləman Sərraf






