media-inshot_20260723_115224638

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na əsasən, Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb.

Diplomların elektronlaşdırılması təhsildə hansı nəticələr ortaya çıxaracaq?

Təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva elektron diplomların tətbiqinin ali təhsil sisteminə təsiri ilə bağlı Patrul.az-a danışıb.

O bildirib ki, bu yenilik ali təhsildə rəqəmsallaşmanın güclənməsinə, şəffaflığın artmasına və sənəd dövriyyəsinin sürətlənməsinə mühüm töhfə verə bilər.

Mütəxəssisin sözlərinə görə, elektron diplomların tətbiqi ilk növbədə saxtakarlıq riskini azaldacaq və diplomların yoxlanılmasını asanlaşdıracaq:

“Elektron diplomların verilməsi ali təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlardan biridir. Bu yenilik həm məzunlar, həm universitetlər, həm də işəgötürənlər üçün bir sıra üstünlüklər yarada bilər.

Hesab edirəm ki, elektron diplomların tətbiqi ilk növbədə sənədlərin saxtalaşdırılması riskini minimuma endirəcək. İşəgötürənlər və dövlət qurumları diplomun həqiqiliyini elektron sistem üzərindən daha operativ şəkildə yoxlaya biləcəklər. Bu isə şəffaflığın və etimadın artmasına xidmət edəcək”.

A.Əliyeva qeyd edib ki, elektron diplomlar bürokratik prosedurların azalmasına və sənəd dövriyyəsinin sürətlənməsinə də imkan yaradacaq:

“Digər mühüm üstünlük bürokratik prosedurların azalmasıdır. Məzunlar diplomlarını əldə etmək, təqdim etmək və ya müxtəlif qurumlara göndərmək üçün əlavə vaxt və xərc sərf etməyəcəklər. Xüsusilə xaricdə təhsilini davam etdirmək və ya işləmək istəyən şəxslər üçün elektron format sənəd dövriyyəsini xeyli sürətləndirə bilər.

Bununla yanaşı, elektron diplomlar universitetlərin rəqəmsal idarəetmə sistemlərinin inkişafına da təkan verəcək. Gələcəkdə akademik transkript, sertifikat və digər təhsil sənədlərinin də vahid elektron platformada təqdim olunması mümkün olacaq. Bu, “kağızsız universitet” modelinə keçidi sürətləndirən addımlardan biridir”.

media-inshot_20260723_114926990

Həmsöhbətimiz vurğulayıb ki, sistemin uğurlu tətbiqi üçün informasiya təhlükəsizliyi və texniki infrastruktur xüsusi əhəmiyyət daşıyır:

“Lakin bu sistemin uğurlu tətbiqi üçün informasiya təhlükəsizliyi məsələləri xüsusi diqqətdə saxlanılmalıdır. Elektron bazaların etibarlı qorunması, şəxsi məlumatların təhlükəsizliyi və sistemlərin fasiləsiz işləməsi təmin edilməlidir. Eyni zamanda, bütün dövlət və özəl qurumların elektron diplomların yoxlanılması sisteminə inteqrasiyası da vacibdir”.

Mütəxəssis, elektron diplomların tətbiqinin ali təhsil sistemində müsbət dəyişikliklərə səbəb olacağını hesab edir:

“Ümumilikdə, elektron diplomların tətbiqi Azərbaycanın ali təhsil sistemində şəffaflığı artıran, xidmətləri sürətləndirən və beynəlxalq rəqəmsallaşma tendensiyalarına uyğunlaşmanı gücləndirən müsbət islahatlardan biri kimi qiymətləndirilə bilər. Bu yenilik uzunmüddətli perspektivdə həm təhsilin idarə olunmasının səmərəliliyini artıracaq, həm də məzunların diplomlarının tanınması və istifadəsini daha rahat edəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər