Elektrik dirəyinə çıxan ayının bu görüntüləri gündəm oldu - VİDEO
ABŞ-nin Nyu-Meksiko ştatında qeyri-adi hadisə baş verib.
Patrul.az xəbər verir ki, Qladston bölgəsində magistral yolun kənarındakı elektrik dirəyinə dırmaşan nəhəng qara ayı orada köməksiz vəziyyətdə qalıb.
İyulun 20-də qeydə alınan hadisə şahidlərin böyük təəccübünə səbəb olub. Yolla hərəkət edən sürücülər təxminən 10 metr hündürlükdəki naqillərin arasında nəfəs-nəfəsə qalan, dirəyin taxta hissəsindən yapışaraq ayaqlarını aşağı sallayan nəhəng ayını mobil telefon kameraları ilə lentə alıblar.
Əraziyə dərhal xüsusi xilasetmə qrupları çağırılsa da, ayıya kömək etmək mümkün olmayıb. Xilasedicilər hadisə yerinə çatana qədər yüksək gərginlikli elektrik naqillərinə toxunan heyvanı cərəyan vurub və o, hadisə yerindəcə tələf olub.
Qeyd edək ki, mütəxəssislərin ilkin rəyinə görə, vəhşi heyvanın dirəyə dırmaşmasına ətrafdakı səs-küy, yoldan keçən avtomobillər və ya itlərin hürkməsi səbəb olub. Heyvan qorxu və təhlükəsizlik hissi ilə elektrik dirəyini ağac zənn edərək sürətlə yuxarı dırmaşıb.
Gülbəniz Səfərova






