"İstehlakçını aldadan reklamlar inzibati məsuliyyət yaradır" - Hüquqşünas
Reklam fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmaması inzibati məsuliyyət yaradır. Xüsusilə yalan, gizli və istehlakçını çaşdıran reklamların yayımlanmasına görə fiziki və hüquqi şəxslər müxtəlif məbləğlərdə cərimə oluna bilərlər.
Bəs hansı reklamlar İnzibati Xətalar Məcəlləsinin tələblərini pozur və bu hallarda reklamverənləri hansı inzibati məsuliyyət gözləyir?
AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli reklam fəaliyyəti zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq olunan inzibati məsuliyyətlə bağlı Patrul.az-a danışıb.
Hüquqşünas hansı reklamların qanun pozuntusu hesab edildiyini və bu hallarda reklamverənləri hansı məsuliyyətin gözlədiyini izah edib.
O bildirib ki, reklam hazırlanarkən və yayımlanarkən qanunvericiliyin bütün tələblərinə əməl olunmalıdır:
“Reklam fəaliyyəti zamanı “Reklam haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi əməl olunmalıdır. Qanunvericiliyə əsasən, həqiqətə uyğun olmayan, istehlakçını aldadan və ya çaşdıran məlumatların reklamda yer alması, gizli reklamdan istifadə edilməsi, müqayisəli reklamın qanunun tələblərinə zidd şəkildə təqdim edilməsi, eləcə də reklamı qadağan edilmiş məhsul və xidmətlərin reklamının yayılması qanun pozuntusu hesab edilir. Bundan başqa, reklamda məcburi xəbərdarlıqların göstərilməməsi, reklamın məzmunu, dili, forması və yayım qaydaları ilə bağlı müəyyən edilmiş tələblərin pozulması da inzibati məsuliyyət yaradır”.

Hüquqşünasın sözlərinə görə, bu cür qanun pozuntularına görə reklamverənlər, reklam istehsalçıları və reklam yayıcıları inzibati məsuliyyət daşıyırlar:
“Belə hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq reklamverənlər, reklam istehsalçıları və reklam yayıcıları barəsində fiziki, vəzifəli və hüquqi şəxslər üçün müxtəlif məbləğlərdə inzibati cərimələr tətbiq oluna bilər. Qanun pozuntusunun xarakterindən və nəticələrindən asılı olaraq cərimələrin məbləği dəyişir, təkrar pozuntular isə daha ağır məsuliyyətə səbəb ola bilər. Buna görə də reklam hazırlanarkən və yayımlanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilməsi həm hüquqi risklərin qarşısını alır, həm də istehlakçıların hüquqlarının qorunmasına xidmət edir”.
Ləman Sərraf






