Qara dənizdə Azərbaycanın "Muxtar Qasımlı" yük gəmisinə dronla hücum edildi - FOTOLAR
Qara dənizdə Azərbaycan şirkətinə məxsus quru yük gəmisi pilotsuz uçuş aparatının (dron) hücumuna məruz qalıb.
Patrul.az xəbər verir ki, Qvineya-Bissau bayrağı altında üzən və Azərbaycanın “MG Shipping 1” şirkətinə məxsus olan “Muxtar Gasimli” quru yük gəmisi Türkiyənin Samsun limanı yaxınlığındakı lövbər sahəsindən Rusiya Federasiyasının Rostov-na-Don limanına doğru hərəkət edərkən qəfil dronla hücum edilib.
“Azərbaycan Dənizçilərinə Dəkstək” İctimai Birliyindən verilən məlumata görə, hadisə nəticəsində heyət üzvləri arasında xəsarət alan və ya ölən olmayıb. Onların təhlükəsizliyi dərhal təmin edilib.
Hücumdan sonra gəmi təhlükəsizlik mülahizələrinə görə marşrutunu dəyişərək geri dönüb və artıq Türkiyənin Sinop limanında lövbər salıb.
Xatırladaq ki, bu ilin 14 iyul tarixində göyərtəsində 11 azərbaycanlının olduğu Türkiyəyə məxsus “Atlas Bey” quru yük gəmisi də Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalmışdı. Həmin hadisə zamanı 10 azərbaycanlı xilas edilsə də, gəminin azərbaycanlı kapitanı Səməd Nəsrullayev həlak olub.

Gülbəniz Səfərova






