media-inshot_20260206_180734231

Dövlət Gömrük Komitəsi bildirib ki, iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identifikasiya nömrəsi ilə etmək mümkün olmayacaq. “2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq.

Bu dəyişikliyin səbəbi nədir və hansı nəticələri ola bilər?

Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi, iqtisadçı Elnur Quliyev Patrul.az-ın suallarını cavablandırıb.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin 2026-cı il 1 iyun tarixindən etibarən elektron ticarət bəyannamələrinə FİN və parol vasitəsilə girişin dayandırılması qərarı texniki dəyişiklikdən daha çox, təhlükəsizlik və rəqəmsal idarəetmə yanaşmasının yenilənməsi kimi qiymətləndirilməlidir:

“Bu addımın əsas səbəbi elektron ticarət əməliyyatlarında risklərin artması və sadə identifikasiya mexanizmlərinin müasir kibertəhlükəsizlik tələblərinə cavab verməməsidir. FİN və parol üzərindən giriş modeli fırıldaqçılıq, məlumat sızması və üçüncü şəxslər tərəfindən icazəsiz istifadəyə açıq mexanizm hesab olunur. ASANİmza, SİMA və MYGOV/QR kimi identifikasiya vasitələri isə daha yüksək təhlükəsizlik standartlarına əsaslanır və istifadəçinin şəxsiyyətini çoxmərhələli şəkildə təsdiqləyir”.

media-inshot_20260206_180221747

İqtisadçı digər mühüm məqamın dövlət elektron xidmətlərinin vahid identifikasiya sistemləri üzərindən inteqrasiyası olduğunu bildirib:

“Bu qərar gömrük sisteminin ölkədə tətbiq olunan ümumi rəqəmsal transformasiya strategiyasına uyğunlaşdırılması məqsədi daşıyır və gələcəkdə dövlət xidmətləri arasında təhlükəsiz və sürətli məlumat mübadiləsini asanlaşdıracaq.Dəyişikliyin nəticələrinə gəldikdə, qısa müddətdə istifadəçilər üçün adaptasiya mərhələsi qaçılmazdır. Elektron ticarət fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər yeni identifikasiya vasitələrini aktivləşdirməli və proseslərini buna uyğunlaşdırmalıdır. İlkin mərhələdə texniki müraciətlərin artması mümkündür, lakin orta və uzunmüddətli perspektivdə bu qərar gömrük əməliyyatlarında təhlükəsizliyi, şəffaflığı və nəzarət imkanlarını artıracaq”.

“Ümumilikdə, bu dəyişiklik elektron ticarət bəyannamələrinin daha etibarlı mühitdə həyata keçirilməsinə, risklərin azalmasına və dövlət–istifadəçi münasibətlərində rəqəmsal etimadın güclənməsinə xidmət edir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər