media-img-20260518-wa0121

“Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə keçirilməsi yalnız beynəlxalq tədbir xarakteri daşımır. Bu forum Azərbaycanın müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə bərpası sahəsində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda təqdimatı baxımından strateji əhəmiyyətə malikdir”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun ölkəmiz üçün açacağı imkanlar barədə Patrul.az-a açıqlamasında bildirib.

Deputat bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun, investisiya cəlbediciliyinin və müasir inkişaf modelinin dünyaya təqdim olunmasına mühüm töhfə verir:

“BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən təşkil olunan bu nüfuzlu platforma şəhərlərin gələcəyi, urbanizasiya çağırışları, iqlim dəyişiklikləri, sosial inklüzivlik və “yaşıl inkişaf” kimi məsələlərin müzakirə olunduğu ən mühüm beynəlxalq forumlardan biridir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin ölkəmizə olan yüksək etimadının, dövlətimizin artan beynəlxalq nüfuzunun və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar diplomatiya, mədəni irsin qorunması, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlərin təşviqi istiqamətində fəaliyyəti Azərbaycanın müasir, açıq və etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə mühüm töhfə verir.

WUF13-ün Azərbaycanda təşkili ölkəmizin beynəlxalq imicinə bir neçə mühüm istiqamətdə ciddi müsbət təsir göstərir. İlk növbədə, forum Azərbaycanı regionda dayanıqlı inkişaf və innovativ şəhərsalma siyasətinin aparıcı mərkəzlərindən biri kimi təqdim edir. Bu tədbir vasitəsilə beynəlxalq ekspertlər, siyasətçilər, investorlar və şəhərsalma üzrə mütəxəssislər Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”.

M. Vəliyeva qeyd edir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə postmünaqişə bərpasında innovativ və dayanıqlı inkişaf modeli formalaşdırır:

“Digər mühüm məqam isə Azərbaycanın postmünaqişə bərpası sahəsində formalaşdırdığı yeni modelin beynəlxalq platformada təqdim edilməsidir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi artıq bir çox beynəlxalq dairələr tərəfindən unikal inkişaf nümunəsi kimi qiymətləndirilir. Azərbaycan dağıdılmış şəhərləri sadəcə bərpa etmir, onları XXI əsrin çağırışlarına uyğun şəkildə yenidən layihələndirir. Bu yanaşma klassik rekonstruksiya modelindən fərqlənərək müasir urbanizasiya prinsiplərini, rəqəmsal texnologiyaları, yaşıl enerji həllərini və insan mərkəzli idarəetməni özündə birləşdirir. Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər şəhərlərdə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan postmünaqişə ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasını sistemli şəkildə tətbiq edən nadir ölkələrdən biridir. Burada məqsəd yalnız yeni yaşayış məntəqələri yaratmaq deyil, həm də təhlükəsiz, dayanıqlı, ekoloji və yüksək həyat keyfiyyətinə malik şəhər mühiti formalaşdırmaqdır. Xüsusilə Zəngilan rayonunun Ağalı kəndi beynəlxalq maraq doğuran layihələrdən biri hesab olunur. Ağalı layihəsində alternativ enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, innovativ kənd təsərrüfatı texnologiyaları və sosial xidmətlərin vahid inteqrasiyası həyata keçirilib. Bu model artıq bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən postmünaqişə dövründə “ağıllı kənd” konsepsiyasının uğurlu nümunəsi kimi qiymətləndirilir”.

media-img-20260518-wa0116

Deputat həmçinin vurğulayır ki, WUF13 Azərbaycanın “yaşıl enerji” siyasətini, investisiya potensialını və beynəlxalq yumşaq güc imkanlarını dünyaya təqdim edən mühüm platformaya çevrilib:

“Azərbaycanın beynəlxalq şəhərsalma təcrübəsinə təqdim etdiyi əsas yeniliklərdən biri də “yaşıl enerji zonası” yanaşmasıdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi mühüm töhfədir. Günəş, külək və hidroenerji layihələrinin inkişafı həm regionun enerji təminatını gücləndirir, həm də karbon emissiyalarının azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu siyasət Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Ənənəvi enerji resursları ilə zəngin olan ölkəmizin eyni zamanda bərpaolunan enerji sahəsində regional liderliyə iddia etməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. WUF13 isə bu istiqamətdə Azərbaycanın təcrübəsini qlobal auditoriyaya təqdim etmək üçün mühüm imkan yaradır. Forumun ölkəmiz üçün digər mühüm əhəmiyyəti iqtisadi və investisiya imkanları ilə bağlıdır. Belə beynəlxalq tədbirlər xarici investorların diqqətini Azərbaycanın inkişaf edən şəhərsalma, infrastruktur, nəqliyyat və yaşıl enerji layihələrinə yönəldir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşmasına, texnologiya transferinə və beynəlxalq tərəfdaşlığın genişlənməsinə şərait yaradır. WUF13 həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir”.

Onun sözlərinə görə, WUF13 Qarabağda həyata keçirilən müasir quruculuq modelinin beynəlxalq səviyyədə tanıdılması və Azərbaycanın qlobal nüfuzunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Forum vasitəsilə ölkəmiz yalnız iqtisadi və infrastruktur potensialını deyil, həm də multikultural dəyərlərini, tolerantlıq ənənələrini və humanitar yanaşmasını beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Şuşanın tarixi-mədəni irsinin bərpası, şəhərin mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi bu siyasətin mühüm nümunələrindəndir. Bütün bunlar göstərir ki, WUF13 Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi, ölkəmizin dayanıqlı inkişaf sahəsində nüfuzunun artması və Qarabağda həyata keçirilən quruculuq modelinin dünya miqyasında tanıdılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu forum vasitəsilə Azərbaycan dünyaya nümayiş etdirir ki, postmünaqişə bərpası yalnız dağıntıların aradan qaldırılması deyil, həm də gələcəyin şəhərlərinin qurulması prosesidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə Azərbaycanın daxili inkişaf strategiyasının deyil, eyni zamanda beynəlxalq şəhərsalma siyasətinin yeni istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycan artıq yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də dayanıqlı urbanizasiya və innovativ şəhərsalma modelini formalaşdıran ölkə kimi qlobal gündəmdə yer alır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər