media-inshot_20260518_155650538

“Hazırda Bakıda keçirilən WUF 13 Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq mövqeyi, şəhərsalma siyasəti və regional liderlik imkanları baxımından mühüm strateji hadisə hesab oluna bilər. BMT-nin təşəbbüsü çərçivəsində təşkil olunan bu forum urbanizasiya, dayanıqlı şəhərlər, iqlim dəyişiklikləri və gələcəyin şəhər modelləri ilə bağlı qlobal müzakirələrin əsas platformalarından biridir. Belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın artıq yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də beynəlxalq siyasi və intellektual dialoq məkanı kimi təqdim olunmasına xidmət edir”.

Bu fikirləri Patrul.az-a açıqlamasında politoloq Rəşad Bayramov səsləndirib.

O, forumun Azərbaycana verdiyi əsas üstünlüklərdən birinin beynəlxalq imicin gücləndirilməsi olduğunu vurğulayıb:

“Son illərdə ölkə COP29, Türk Dövlətləri Təşkilatı tədbirləri və digər qlobal platformalar vasitəsilə özünü çoxtərəfli əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi göstərə bilib. Ümumdünya Şəhərsalma Forumunun Bakıda təşkili də bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu, dünyaya Azərbaycanın qlobal problemlərin müzakirəsində iştirak edən, urban inkişaf və dayanıqlı şəhər konsepsiyalarına önəm verən ölkə olduğu mesajını ötürür.

Forum eyni zamanda Azərbaycanın həyata keçirdiyi iri şəhərsalma layihələrinin beynəlxalq auditoriyaya təqdimatı baxımından da mühüm platformadır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə beynəlxalq maraq doğurur. Azərbaycan bu forum vasitəsilə post-münaqişə ərazilərində tətbiq etdiyi yeni urban inkişaf modelini nümayiş etdirmək imknaları əldə edir. Bu isə ölkənin həm dağıntıları bərpa edən, həm də müasir və ekoloji baxımdan dayanıqlı yaşayış məkanları quran dövlət imicini gücləndirir”.

media-img-20260408-wa0054

Digər mühüm məqamın forumun iqtisadi və institusional təsirləri olduğunu vurğulayan R.Bayramov əlavə edib:

“Minlərlə beynəlxalq ekspertin, investorun və şəhərsalma üzrə mütəxəssisin Bakıya gəlməsi həm turizm və xidmət sektoruna müsbət təsir göstərir, həm də yeni əməkdaşlıq imkanları yaradır. Bununla yanaşı, forum çərçivəsində əldə olunan təcrübə mübadiləsi Azərbaycanın nəqliyyat, ictimai infrastruktur, ekoloji planlaşdırma və rəqəmsal şəhər idarəçiliyi sahələrində yeni yanaşmalar tətbiq etməsinə şərait yarada bilər”.

“Ümumi olaraq deyim ki, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun artmasına, urban inkişaf strategiyalarının tanıdılmasına və qlobal əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Forumun dünyaya verdiyi əsas mesaj isə ondan ibarətdir ki, Azərbaycan regional və qlobal transformasiya proseslərində iştirak edən, gələcəyin şəhərləri ilə bağlı beynəlxalq gündəliyə qoşulan ölkə kimi mövqeyini gücləndirmək niyyətindədir”.

Ləman Sərraf


Bənzər xəbərlər