media-e895741d-0942-4c57-b9b9-c5eb36e51240

Fransa Prezidenti Emmanuel Makron aprelin 10-da Fələstin dövlətini rəsmən tanıyacağını bəyan etdikdən sonra Yaxın Şərqdəki münasibətlərdə dəyişikliklər baş verdi. Belə ki, İsrail hökuməti buna cavab olaraq, Fransanın Fələstin dövlətini tanıyacağı təqdirdə, nüfuzunu itirəcəyini və mövqeyinin zəifləyəcəyini bildirdi. Rəsmi Parisin bu qərarında əsas məqsədi, həmçinin Fransanın atdığı bu addımın İsraillə münasibətlərə təsiri barədə Patrulaz.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan öz şərhini verdi:
“Bu ilin iyulunda Fransanın iştirakı ilə Nyu-Yorkda İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi üzrə beynəlxalq konfrans keçiriləcək. Fransa Prezidenti Emmanuel Makron aprelin 10-da bildirib ki, həmin konfransdan sonra Paris Fələstin dövlətinin müstəqilliyini tanıya bilər. O həmçinin qeyd edib ki, Fələstinin müstəqilliyini tanıyan ölkələr, eyni zamanda İsrailin də mövcudluğunu tanımalıdır. Bu həm də Makronun İsraili tanımayan Ərəb ölkələrinə və İran hökumətinə bir ismarıcıdır. 1947-ci ildə BMT Fələstinin müstəqilliyini tanıdıqda, Fransa onu tanımayan ölkələr arasında yer alırdı. Bu günə qədər də qərb dünyası Fələstinin müstəqilliyini tanımayıblar. Çünki, onlar Fələstini İsrail daxildə bir muxtariyyət kimi qəbul edirlər. İsrail Xarici İşlər Nazirliyinin bu məsələyə kəskin reaksiyasının əsas səbəbi isə Fransanın onun qonşuluğu olan Livanda nüfuz sahibliyinin olmasıdır. Əgər rəsmi Paris bu addımı atarsa, İsrail onun Livanda, Ərəb ölkələrində, Afrikada və keçmiş müstəmləkə torpaqlarında nüfuzunu itirə biləcəyi ilə bağlı xəbərdarlıq edir. Bundan əlavə, İsrail Fransanı keçmiş müstəmləkə ərazilərində, müstəqilliyini elan etmək istəyən dənizaşırı bölgələrin müstəqillik uğrunda mübarizəsini dəstəkləməklə təhdid edə bilər. Həmçinin, Fransanın Fələstinin müstəqilliyini tanıması ABŞ-lə münasibətlərində də problemlərə səbəb ola bilər”.
media-4b86d2f7-082e-46af-95c9-2546cd5d384f

Politoloq xüsusi olaraq vurğulayır ki, Fələstin və İsrail arasında münasibətlər normallaşmadığı təqdirdə, Fransa da daxil olmaqla ayrı-ayrı ölkələrin Fələstinin müstəqilliyini tanıması bölgədəki gərginliyə əhəmiyyətli təsir göstərməyəcək. Onun fikrincə, bu kimi addımlar daha çox simvolik məna daşıyır və real həll üçün tərəflər arasında siyasi dialoq və qarşılıqlı anlaşma zəruridir:

“Ümumilikdə isə beynəlxalq ictimaiyyət regionda sabitliyin təmin olunması üçün Fələstin-İsrail münasibətlərinin normallaşdırılmasında “iki dövlət, iki millət” prinsipinə üstünlük verirlər.
Onlar hesab edirlər ki, bu prinsip iki dövlət arasındakı münasibətləri normallaşdıra bilər. Hələlik isə İsrail və onun ən yaxın müttəfiqləri olan ABŞ, Böyük Britaniya Fələstinin müstəqilliyini tanımırlar. Amma son hadisələrdə sonra İspaniya, Norveç və İrlandiya kimi Avropa ölkələri Fələstinin müstəqilliyini tanıdılar. Bütövlükdə isə Fələstin dövlətini BMT-nin 193 ölkəsindən 147-si tanıyır. Ona görə də bu kontekstdə Fələstinin rəsmi Paris tərəfindən tanınması məsələsi Fransa Milli Assambleyasında müzakirə oluna bilər və daha sonra hökumət bu məsələyə münasibət bildirə bilər. Fransanın bu tezlikdə Fələstinin müstəqilliyini tanıması mümkün deyil. Çünki Qəzzadakı vəziyyət, İsrail və Fələstin arasındakı münasibətlər normallaşmalıdır. Bunlar baş vermədiyi halda, ayrı-ayrı ölkələrin Fələstinin müstəqilliyini tanıması tərəflər arasındakı münaqişənin həllinə yardım edə bilməz”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər