media-inshot_20250919_121119202

Fransada hökumətin sərt büdcə planlarına qarşı ölkə miqyasında geniş etiraz aksiyaları keçirilir. Minlərlə insan küçələrə çıxaraq sosial xidmətlərdə kəsintilərə etiraz edib, nəqliyyat, təhsil və səhiyyə sahələrində ciddi pozuntular yaranıb. İctimai narazılıq Emmanuel Makron hakimiyyətinə təzyiqi artırır.

Bəs bu etirazlar Makron hökumətini devirə bilərmi?

Politoloq Tural İsmayılov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, Makronun əsas tənqid olunduğu məqam isə xalqın istəyindən çox elitist qərarlara üstünlük verməsidir:

“Emmanuel Makronun hakimiyyəti artıq bir kabus kimi təkamül edib – bu, Fransanın tarixində çox rast gəlinən bir siyasi komediyadır. O, 2017-ci ildə “yeni dövr” vədləri ilə iqtidara gəlib, lakin indi ölkəni büdcə böhranı, sosial iflic və daimi etiraz dalğaları ilə qarşı-qarşıya qoyub. Makronun ən böyük günahı xalqın səsi yerinə elitist qərarlarını üstün tutmasıdır: 44 milyard avroluq kəsintilər sosial xidmətləri məhv edib, əməkçiləri yolun kənarına atıb, halbuki o, özünün və dostlarının cibini doldurmaqdan başqa bir şey düşünmür. “Bloquons Tout” etirazları onun repressiv təbiətini açığa çıxarıb – polis şiddəti, sosial şəbəkələri bloklama təhdidləri və dialoq maskası altında yalan sözlər. Makronun stratejiyası sadəcə bir illuziyadır: yeni baş nazirlər təyin edib, lakin heç biri böhranı həll etmir, çünki kök səbəb özünün korrupsiya dolu idarəçiliyidir. O, beynəlxalq arenada “lider” pozuna çıxır, lakin evdə xalqını aclıqla qarşılayır – bu, tam bir siyasi fiasko və xəyanətdir”.

T. İsmayılov Makronun devrilməsi qısamüddətli perspektivdə mümkün görünmədiyinidə vurğulayıb: 

“Makronun hakimiyyəti ciddi sınaqlarla üz-üzədir. Parlamentdə etimad səsinin alınmaması, hökumətin dəfələrlə dəyişməsi və siyasi parçalanma idarəetməni çətinləşdirib. Makronun devrilməsi qısamüddətli perspektivdə mümkün görünmür. Konstitusiyaya görə, onun prezidentliyi 2027-ci ilə qədər qorunur, polis və ordu isə nəzarəti saxlayır. Lakin etirazların şiddətlənməsi və iqtisadi böhranın dərinləşməsi siyasi landşaftı dəyişə bilər”.

Emmanuel Makronun hakimiyyəti konstitusion müdafiə ilə hələlik davam edir, lakin ardıcıl etiraz aksiyaları və dərinləşən iqtisadi böhran onun siyasi mövqeyini zəiflədir. Fransada qarşıdakı dövr etirazların davamlılığı və hökumətin güzəştlər edib-etməməsi ilə müəyyən olunacaq.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər