media-img_3828

Nərimanov rayonunda fəaliyyət göstərən “Gamestop” adlı karaoke məkanının sahibi Əhmədov Ülvi Nazim oğlu reklam lövhəsinin sökülməsi ilə bağlı narazılığını Patrul.az-a bildirib. Onun sözlərinə görə, üç il əvvəl Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəsmi icazəsi ilə binanın fasadına quraşdırılan reklam lövhəsi sonradan başqa sahibkarın şikayəti əsasında demontaj edilib. Sahibkar iddia edir ki, rəsmi icazəsi olmasına baxmayaraq, reklamının sökülməsi ona həm maddi zərər vurub, həm də hüquqlarını pozub.

Məsələ ilə bağlı ADRA-nın mətbuat katibi Hüseyn Azəri Patrul.az-a bildirib ki, qanunvericilik bütün reklam yayıcılarına bərabər hüquqlar tanıyır. Şikayət edən sahibkar öz obyektində reklam yerləşdirərkən digər sahibkara məxsus reklam sahəsini də tutub. Demontaj işləri isə məhz reklam yerləşdirə bilməyən sahibkarın şikayəti əsasında aparılıb. Bu səbəbdən açıq məkanda həmin reklamın icazə müddətinin uzadılmamasına qərar verilib.

Sahibkarın indiyədək ödədiyi məbləğ qanunvericiliklə müəyyən edilən ödənişlərdir.

Qeyd edək ki, “Reklam haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən, reklam yayıcısı xüsusi mülkiyyətdə olan daşınmaz əmlak üzərində reklam yerləşdirərkən həmin əmlakın mülkiyyətçisi ilə obyektin istifadəsinə dair müqavilə bağlamalıdır.

Dövlət Reklam Agentliyi açıq məkandakı reklam daşıyıcılarının qanunvericiliyə uyğunluğunu mütəmadi olaraq yoxlayır və pozuntu aşkar edildikdə həmin reklamların yayımının dayandırılması istiqamətində tədbirlər görür.

https://bax.tv/sosial-xeberler/gamestop-un-reklami-niye-sokuldu-adra-dan-resmi-aciqlama-216189?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=sosial-xeberler


Bənzər xəbərlər