media-a9a8c753-12bf-41f8-b73a-b76391edceff

Gecə növbəsi insanın həyat ritmini pozan ən sərt iş rejimlərindən biridir. Çünki insan orqanizmi əsrlər boyu gün işığında aktiv, gecə isə istirahət etməyə uyğunlaşıb. Bioloji saat adlandırılan bu mexanizm pozulduqda bədən də, psixika da əvvəl-axır öz narazılığını göstərir. Gecə növbəsində işləyənlərin yaşaya biləcəyi sağlamlıq və psixoloji çətinliklər məhz buradan başlayır.

Patrul.az bu çətinliklər barədə araşdırma aparıb.

Gecə işinin ilk təsiri yuxu ritminin alt-üst olmasıdır. İnsan gecə oyaq qaldıqda melatonin ifrazı azalır, bu da həm yuxunun keyfiyyətini, həm də immun sistemini zəiflədir. Belə adamlar tez-tez halsızlıq, başgicəllənmə və konsentrasiya çətinliyi yaşayır. Davamlı olaraq gecə işində çalışanlarda ürək-damar xəstəlikləri, təzyiq pozuntuları və maddələr mübadiləsi problemlərinin daha çox görüldüyü elmi araşdırmalarla təsdiqlənib. Metabolizmin gecə işləməyə hazır olmaması səbəbindən artıq çəki, şəkər riski və həzm problemləri də tez-tez özünü göstərir.

Psixoloji tərəfdən gecə növbəsi daha çətin ola bilər. Təbii işıqdan uzaq qalmaq insanın emosional vəziyyətinə təsir edir, serotonin səviyyəsi düşdüyü üçün əhval tez-tez dəyişir, bəzən səbəbsiz narahatlıq və aqressiya yaranır. Uzun müddət bu rejimdə işləyənlər sosial həyatdan uzaqlaşdıqlarını, günün ritminə uyğunlaşa bilmədiklərini və insanlarla vaxtlarının üst-üstə düşmədiyini hiss edir. Bu da tək qalma duyğusunu artırır və nəticədə stress, yuxusuzluq, hətta yüngül depressiya özünü göstərə bilər.

Gecə işinin ən mürəkkəb tərəfi isə odur ki, insan səhərlər yatmağa çalışsa da, gün işığı beyin üçün “oyanma vaxtıdır”. Buna görə də gündüz yuxusu heç vaxt gecə yuxusu qədər dərin olmur. Bədən özünü tam bərpa edə bilmir və bu, zamanla həm sağlamlığı, həm davranışı, həm də iş keyfiyyətini zədələyir. Uzun illər davam edən gecə növbələri insanın bədən saatını o qədər pozur ki, nəticədə hormonal tarazlıq sıradan çıxır, qadınlarda menstrual problemlər, ümumilikdə isə xroniki yorğunluq riski artır.

Bütün bunlara baxmayaraq, gecə növbəsi işləyən insanlar müəyyən tədbirlərlə özlərini qoruya bilərlər: yuxu rejimini stabil saxlamaq, gündüz qaranlıq otaqda yatmaq, kofeini gecə sonuna doğru azaltmaq, iş saatlarında qısa fasilələr vermək və düzgün qidalanmaq. Gecə işi asan deyil, amma düzgün yanaşma ilə bədən bu ritmə müəyyən qədər uyğunlaşa bilir. Sadəcə bir həqiqəti unutmamaq lazımdır: insan təbiəti gecəyə deyil, işığa bağlıdır, ona görə də bu növbədə işləyənlər özlərinə bir az daha çox qayğı göstərməlidir.

Ləman Sərraf


Bənzər xəbərlər