Gecə saatlarında tikinti işləri aparan şirkətləri hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAMASI
Patrul.az redaksiyasına daxil olan çoxsaylı şikayətlər göstərir ki, hündür binaların tikintisi zamanı sakinlərin, xüsusilə axşam və gecə saatlarında, rahatlığı ciddi şəkildə pozulur.
Müxtəlif ünvandakı sakinlər bildirirlər ki, bir çox tikinti şirkəti binaların inşasını tez bir zamanda başa çatdırmaq məqsədilə gecə vaxtı da işləri davam etdirir. Bu isə ətrafdakı insanların haqlı narazılığına səbəb olur.
Məsələ ilə bağlı redaksiyamıza hüquqşünas Ramin Ələkbərov bildirib ki, Azərbaycanda tikinti işləri yalnız qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilə bilər və əsas məqsəd insanların rahatlığını, istirahətini və ətraf mühiti qorumaqdır. Ümumiyyətlə, tikinti işləri gündüz saatlarında – təxminən 08:00-dan 20:00-dək icazəlidir. Bu müddət ərzində səs-küylü işlər insanların normal fəaliyyəti və istirahətinə ciddi təsir göstərmir:

“Axşam və gecə saatlarında aparılan tikinti işləri isə qanunla qadağandır, çünki bu, sakinlərin həyat keyfiyyətini və dincəlmək hüququnu pozur. Bu məsələ əsasən “Tikinti və Şəhərsalma haqqında Qanun” və yerli icra hakimiyyətlərinin aktları ilə tənzimlənir. Yerli qurumlar hər şəhər və rayon üçün tikinti işlərinin vaxtını dəqiqləşdirir və nəzarəti təmin edirlər.
İstisnalar yalnız fövqəladə hallar və ya dövlət və yerli icra hakimiyyəti tərəfindən verilmiş xüsusi icazə hallarında mümkündür. Belə hallara yanğın, su və enerji xətlərində təcili təmir işləri və digər təhlükəsizlik tədbirləri daxildir.
Qanun pozuntusu aşkar edilərsə, tikinti şirkətləri və fiziki şəxslər administrativ məsuliyyətə cəlb olunur. Fiziki şəxslərə adətən 100–200 manat, hüquqi şəxslərə isə 500–1000 manat cərimə tətbiq olunur. Təkrar pozuntularda cərimələr artırıla və hətta tikinti fəaliyyətinə müvəqqəti dayandırma tədbiri görülə bilər.
Beləliklə, qanunsuz vaxtlarda aparılan tikinti işləri yalnız sakinlərin hüquqlarını pozmur, həm də qanun qarşısında ciddi məsuliyyət yaradır. Cərimələr həm xəbərdarlıq, həm də qanunun tətbiqini təmin edən əsas vasitədir”.
Aynur Nadirqızı






