Gecə yata bilmirsiniz?: Beyninizdə bu təhlükə yarana bilər - ŞOK ARAŞDIRMA
Yuxu rejiminin pozulması Alzheimer xəstəliyi riskini artırır.
Patrul.az xəbər verir ki, bu barədə “JAMA Neurology” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Məlum olub ki, beynimizin “qlinfatik sistem” adlanan xüsusi bir təmizlik mexanizmi var. Bu sistem biz yatarkən işə düşür və gün ərzində beyində toplanan zərərli zülalları, xüsusilə də beta-amiloidləri yuyub təmizləyir. Yuxu pozulduqda isə bu sistem iflic olur. Nəticədə həmin zərərli lövhəciklər beyində toplanaraq neyronları zədələyir və yaddaş itkisinə səbəb olur.
Araşdırmada vurğulanır ki, məsələ yalnız yuxunun müddətində deyil. Ən böyük risk faktoru yuxunun qeyri-müntəzəm və parçalanmış olmasıdır. Gecə ərzində tez-tez oyanmaq və ya hər gün fərqli saatlarda yatmaq beynin özünü bərpa etməsinə imkan vermir.
“Sleep journal” tərəfindən aparılan digər bir araşdırma isə maraqlı bir faktı üzə çıxarıb: Bioloji ritmin pozulması həm xəstəliyin səbəbi, həm də onun ilk siqnalı ola bilər. Əgər bir insanda gündüz həddindən artıq yuxululuq, gecə isə qəfil aktivlik müşahidə olunursa, bu, Alzheimer xəstəliyinin ilkin mərhələsindən xəbər verə bilər.
Nevroloqlar beyin sağlamlığını qorumaq üçün bir neçə sadə, lakin həyati qaydaya əməl etməyi məsləhət görürlər:
– Hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa çalışın;
– Yatmazdan ən azı 1 saat əvvəl telefon və planşetdən uzaq durun (mavi işıq yuxu hormonunu məhv edir);
– Yataq otağının tam qaranlıq və sərin olmasını təmin edin.






