media-photo-output

Gələn ildən qaz, işıq və suyun tariflərində artım olub-olmayacağı ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı iqtisadçı Toğrul Vəliyev Patrul.az-a açıqlamasında bildirib ki, tarif artımları barədə məlumat yalnız rəsmi açıqlama verildikdən sonra məlum olur:

“Bu tip müzakirələr insanların sosial şəbəkələrdə apardığı qeyri-rəsmi yazışmalardan ibarətdir. Real müzakirə isə hökumət, ictimai təşkilatlar, QHT-lər, cəmiyyət nümayəndələri və müxtəlif mövqelərin təmsilçilərinin iştirakı ilə aparılmalıdır. Hazırda belə bir müzakirə mövcud deyil və yaxın vaxtlarda keçiriləcəyini də ehtimal etmirəm.

Hər hansı tarif artımı barədə dəqiq fikir bildirmək çətindir, çünki tariflərə Tarif Şurası baxır və qiymətlərin artıb-artmayacağını yalnız qərar elan olunandan sonra öyrənirik. Bundan əvvəl ictimai müzakirə aparmaq mümkün olmur. Normal praktika tələb edir ki, planlaşdırılan hər bir tarif dəyişikliyi əsaslandırılmış şəkildə cəmiyyətə açıqlansın, həm müsbət, həm də mənfi tərəflər izah edilsin və insanlar bu artımın onlara nə verəcəyini və hansı güzəştlərin nəzərdə tutulduğunu bilsin.”

İqtisadçı əlavə edib ki, Azərbaycanda kommunal tariflərlə bağlı əvvəlcədən proqnoz vermək mümkün deyil:

“Azərbaycanda bu mövzuda şəffaf və davamlı ictimai müzakirə aparılmadığı üçün hər hansı fikri əvvəlcədən söyləmək real deyil. Əgər artım olacaqsa, olacaq; olmayacaqsa, olmayacaq. Hər iki variantın baş verməsi üçün kifayət qədər səbəb və resurs mövcuddur. Azərbaycanda, xüsusən də tariflərlə bağlı, dəqiq proqnoz vermək çətindir. Əgər tariflər bir həftə sonra qalxacaqsa, biz bunu yalnız bir həftə sonra öyrənə bilərik.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər