media-c748188c-c2eb-4ed1-b050-913b5be3368b

Azərbaycan özünəməxsus və çoxşaxəli adət-ənənələri ilə seçilən ölkələrdən biridir. Bu, xalqımızın milli-mənəvi dəyərlərə və ulu babalarımızın miras qoyduğu mədəni ənənələrə bağlılığından irəli gəlir. Ən maraqlı və qeyri-adi adətlər isə əsasən toy mərasimlərində, xüsusilə də gəlinin ər evinə ayaq basdığı aanlarda rast gəlinir. Belə adətlərdən biri də gəlinin qapının kandarında boşqab sındırmasıdır.

Gündəlik həyatda əlimizdən dəyərli qab düşüb sınanda adətən təəssüflənirik. Amma toy mərasimində gəlinin qəsdən boşqab sındırması tam əks mənalara gedib çıxır. Bəs görəsən, bu qədim ənənənin arxasında hansı məqamlar dayanır?

Patrulaz.az-ın apardığı araşdırmaya görə, boşqab sındırılması Azərbaycan toylarında yeni başlanğıca atılan ilk addımın rəmzi kimi sayılır. Bu adətin bir müsbət mənası var.

media-inshot_20250627_135408530

İlk olaraq inanılır ki, boşqabın sınması zamanı çıxan səs şər qüvvələri qorxudaraq uzaqlaşdırır. Xalq arasında belə bir fikir formalaşıb ki, bu səslər mənfi enerjiləri, eləcə də bəd nəzəri dəf edir. Bu baxımdan, sındırılan qab sadəcə bir əşya deyil, eyni zamanda gəlini pis niyyətlərdən qoruyan vasitədir.

media-2025062713451785

İkinci məna isə yeniliyin başlanması ilə bağlıdır. Bilirik ki, toy insan həyatında böyük bir dönüş nöqtəsi, yeni mərhələnin başlanğıcıdır. Boşqabın qırılması da bu yeni mərhələyə keçidin əlaməti kimi qəbul edilir.

media-german-wedding-customs

Üçüncü və bir qədər də təəccüb yaradacaq inanca görə, boşqab nə qədər çox parçalara ayrılarsa, o qədər də bolluq və bərəkət gələcək. Buna görə də gəlinlər adətən ayaqqabılarının dabanı ilə boşqaba elə zərbə endirirlər ki, qab çoxlu sayda xırda tikələrə ayrılsın. Bir sözlə bu, gələcək ailə həyatında ruzinin bol olacağına bir işarə kimi qəbul edilir.

media-2025062713412476

Dördüncü məna isə pozitiv enerjinin yayılması ilə bağlıdır. Toyun sonunda bu adətin yerinə yetirilməsi həm nikbinlik yaradır, həm də mərasimin ümumi əhval-ruhiyyəsinə müsbət təsir edir. Bəzən isə elə olur ki, gəlin 4-5 dəfə zərbə vursa da, boşqab sına bilmir. Bu zaman həm bəy, həm gəlin, həm də ailə üzvləri arasında müəyyən bir məyusluq yaranır. Yəni, boşqabın sınması gəlinin gücündən və boşqabın keyfiyyətindən asılı olur.

Bir sözlə, gəlinin ər evinin qapısında boşqab sındırması həm uğura işarə sayılır, həm də gələcəklə bağlı xoş arzuların ifadəsi kimi qəbul olunur. Bu adətə xüsusilə Qarabağ bölgəsi böyük sadiqlik göstərir.

media-istockphoto-1468298444-1024x1024

Maraqlı faktlardan biri də odur ki, Azərbaycanda boşqab sındırılması ruzinin artacağına işarə kimi qəbul olunsa da, Yaponiyada bu adət tam əks məna daşıyır. Orada hesab olunur ki, toyda boşqab sındırılması cütlüyün bir müddət sonra ayrılacağına işarə verir.

media-2025062713531859

Bəzi xarici ölkələrdə də boşqab sındırmaq toy adətinə çevrilib, lakin onların bu adətə baxış tərzi bir qədər fərqlidir. Məsələn, Yunanıstanda toy mərasimi zamanı bəy və gəlin əllərindəki boşqabları yerə çırparaq sındırır, bu prosesə isə çox vaxt hər iki tərəfin ailə üzvləri də qoşulur. Bu adət həm əyləncə, həm də bolluq və firavanlığın rəmzi sayılır. Yunan inancına görə, böyük sevinc və şənliklər pis ruhları cəlb edə bilər. Ona görə də şər qüvvələri qorxutmaq və onlardan qorunmaq məqsədilə boşqablar toy üzləri tərəfindən həyata keçirilir.

media-786354247239

Son olaraq vurğulayım ki, həm Azərbaycanda, həm də bir sıra digər ölkələrdə toy mərasimlərində boşqab sındırmaq ənənəsi, nə qədər qəribə görünsə də, ümumilikdə uğur, bərəkət və qorunma ilə əlaqələndirilir. Bu, sanki ailə həyatının əvvəlində edilən simvolik bir dua və ya rituallaşmış arzudur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər