media-2b63690f-d980-439d-aa8c-ca6a17454092

“Utanıram da deməyə, amma bu gün Beynəlxalq Yazıçılar Günüdür. Dünyada güllələr, raketlər, hərbi təyyarələr danışır. Yazıçının günü nə qədər anlamlı ola bilər ki… Beyin erası çoxdan başa çatıb, indi əzələ erasıdır. Şillə, təpik, yumruq və zorla danışırlar. Amma artıq 7 aydır ki, Elmlər Akademiyasının qabağındakı parkda kitab avtobusum var. Demək, sözə dəyər verənlər hələ də mövcuddur. Kitab avtobusumun yanında bir boks aparatı yerləşdirilib. Hər 500 nəfər oraya yumruq vurur, amma bir nəfər də kitabımı alır. Məhz o bir nəfərə görə özümü təbrik edirəm. Demək, yaşamağa və yazmağa dəyər.”

Bu statusu ötən gün özünün Facebook səhifəsində yazıçı Kəramət Böyükçöl paylaşıb.

media-9d70dcb7-a1d1-4e48-a64d-63e9989f61de

Çox təəssüf ki, indi ədəbiyyata, şeirə və kitaba maraq çox azalıb. Müharibələr, dünyada baş verən siyasi proseslər və insanların maddi sıxıntıları başımızı çox qatır. Başımız ölüm-itimləri seyr etməyə qarışıb. Yaşadığımız bu stresslər səbrimizi o qədər daşırıb ki, kitab oxumaq gözümüzdən düşüb, bəzən özümüz də bilmədən və istəmədən. İnsanlar xəyallara da dala bilmir, gözəl gələcək haqqında düşünə bilmir. Çünki ölüm bizimlə burun-burunadır. Ölüm artıq bizi nə təəccübləndirir, nə də heyrətləndirir. Sanki soyuqqanlı olmuşuq. Ədəbiyyatdan və mənəviyyatımızı zənginləşdirən dəyərlərdən uzaq düşmüşük.

Uşaqlarımıza görə də çox narahatam. Onların başı öldürücü oyunlara çox qarışıb. Əziz valideynlər, ayıq-sayıq olun və uşaqlarınıza vaxt ayırın. Yoxsa gələcəyimiz mənəvi baxımdan bərk xəstələnə bilər və kökündən sarsılar. Balalarınıza kitab alın, qoy kitab oxusunlar. Özünüz də yaşadığınız bütün problemlərin acığına təslim olmayın. Arada siz də oxuyun və ruhunuzu zənginləşdirin.

Hə, az qala unutmuşdum. Əvvəldə Kəramət Böyükçöl qeyd etdi ki, ötən gün martın 3-ü Beynəlxalq Yazıçılar Günüdür. Gəlin, yaxşı yazan yazıçılarımızın əməyinə qiymət verək, onların kitablarını alıb oxuyaq ki, ruhdan düşməsinlər.

Aynur Nadirqızı


Bənzər xəbərlər