Gənclər niyə qəmgin musiqilər dinləməyə üstünlük verir? - Psixoloqdan AÇIQLAMA
Son illərdə xüsusilə gənclər arasında qəmgin və emosional yüklü musiqilərə marağın artdığı müşahidə olunur. Sosial şəbəkələrdə trendə çevrilən bu mahnılar, həmçinin küçə musiqiçilərinin repertuarında da daha çox yer almağa başlayıb. Dinləyici zövqündəki bu dəyişiklik, cəmiyyətin psixoloji durumu və gənclərin daxili dünyası ilə bağlı müxtəlif suallar doğurur.
Bəs gənclərin qəmgin musiqilərə üstünlük verməsinin arxasında hansı psixoloji səbəblər dayanır və bu tendensiya niyə küçə ifaçılarının seçimlərinə də təsir edir? Bu hal nə dərəcədə normal hesab olunur?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, gənclər qəmgin musiqilərdə öz emosiyalarını taparaq həm anlaşılma hissi yaşayır, həm də bu musiqilər vasitəsilə daxili gərginliyi azaldıb emosional rahatlıq əldə edirlər:
“Gənclərin qəmgin musiqilərə üstünlük verməsi ilk baxışda paradoksal görünə bilər, amma psixoloji baxımdan bu çox izah oluna bilən bir tendensiyadır.
Yeniyetməlik və gənclik dövrü emosiyaların daha intensiv yaşandığı mərhələdir. Bu dövrdə insan özünü, kimliyini və münasibətlərini anlamağa çalışır. Daxildə yaşanan qarışıqlıq, tək qalmaq hissi, anlaşılmamaq qorxusu kimi duyğular qəmgin musiqilərdə öz əksini tapır. Yəni gənc həmin musiqidə “məni anlayan var” hissini yaşayır. Bu, bir növ emosional rezonansdır.
Digər tərəfdən, qəmgin musiqi paradoksal olaraq insanı daha da pis hiss etdirmir, əksinə, emosiyaları tənzimləməyə kömək edir. İnsan kədərli musiqi dinlədikdə içindəki hissləri daha rahat yaşayır və bu, emosional boşalma yaradır. Yəni bu musiqilər bəzən bir növ “terapiya effekti” verir”.

N. Orucov vurğulayır ki, sosial şəbəkələrdə kədər və melankoliyanın romantizə olunması gənclərin bu estetikaya yönəlməsini gücləndirir:
“Sosial faktorlar da burada rol oynayır. Sosial şəbəkələrdə və populyar mədəniyyətdə kədər, melankoliya və “dərinlik” bəzən daha çox diqqət çəkir və romantizə olunur. Bu da gənclərin həmin estetikaya yönəlməsinə təsir edir”.
Psixoloq qeyd edir ki, küçə musiqiçiləri auditoriyanın zövqünə uyğunlaşaraq qəmgin mahnılara üstünlük verir, bu isə gənclərin emosional özünüifadə ehtiyacından yaranan sosial tendensiyaya çevrilir:
“Küçə musiqiçilərinə gəldikdə isə, onlar auditoriyanın reaksiyasına çox həssasdırlar. Hansı musiqi daha çox diqqət çəkirsə, daha çox dinlənirsə, repertuar da ona uyğun formalaşır. Əgər insanlar qəmgin və emosional mahnılara daha çox reaksiya verirsə, musiqiçilər də təbii olaraq həmin istiqamətə yönəlir. Bu artıq fərdi seçimdən çıxıb sosial tendensiyaya çevrilir.
Qısaca desək, gənclərin qəmgin musiqiyə marağı zəiflik yox, emosional özünüifadə və anlaşılma ehtiyacının bir formasıdır. Əsas məsələ bu musiqilərin insanı uzun müddət mənfi emosiyalarda “saxlamaması”, əksinə, onu anlamağa və tənzimləməyə kömək etməsidir”.
Cəmilə Cəfərzadə






