media-photo-output

Son vaxtlar ürək-damar xəstəliklərinin, o cümlədən ürək infarktlarının sayında artım müşahidə olunur. Statistik göstəricilər bir çox ölkələrdə bu tendensiyanın gücləndiyini göstərir. Bu vəziyyət həm tibbi, həm də həyat tərzi ilə bağlı müxtəlif amillərlə əlaqələndirilir. Mütəxəssislər artan risklər fonunda profilaktik tədbirlərin vacibliyini xüsusilə vurğulayırlar. Bəs ürək infarktlarının son illərdə bu qədər artmasının arxasında hansı tibbi və həyat tərzi ilə bağlı səbəblər dayanır?

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, gənclərdə ürək problemlərinin artmasının əsas səbəbi sağlam həyat vərdişlərinin pozulmasıdır:

“Çox təəssüf ki, bu gün gənclər arasında əvvəlki illərlə müqayisədə ürək tutmaları və hətta qəfil ölümlər daha çox müşahidə olunur. Bunun əsas səbəbləri onların həyat tərzi ilə bağlıdır. Əsas faktorlar bunlardır: düzgün qidalanmamaq, siqaret çəkmək, ayaqüstü yemək. Ayaqüstü yeməyin mənasına fikir verin: insan yeriyərkən ürək döyüntüsü artır, nəfəs borusu və bronxlar açılır, nəfəsalma sürətlənir, lakin mədə-bağırsaq sisteminin işi zəifləyir. Yəni insan gəzərkən yemək yeməməlidir. Yediyimiz yemək canlılara, heyvanlara aiddir. Əgər insan dağda, təbiətdə istirahət zamanı ayaqüstü yemək yeyirsə, bu başqa məsələdir. Amma xüsusilə şəhər yerlərində, havanın çirkli olduğu bu dövrdə bu, düzgün deyil. Buna görə də ətraf mühit, ekologiya və insan sağlamlığı ilə bağlı məsələlərə diqqət etmək vacibdir. İnsan özünü qorumalıdır: hərəkətdə olmalı, göy-göyərti və süd məhsullarından istifadə etməlidir”.

Həkimin sözlərinə görə, sağlam qidalanmaq, siqaret və digər zərərli vərdişlərdən uzaq durmaq, təmkinli olmaq və düzgün həyat tərzi sürmək insan sağlamlığının qorunması üçün əsas şərtlərdir:

“Allah ağıza sümük verib, 32 diş yaradıb. Bu o deməkdir ki, xüsusən ət məhsulları 30–50 dəfə çeynənməli və sonra mədəyə göndərilməlidir. Əgər yemək kifayət qədər xırdalanmadan mədəyə düşürsə, mədə onu tam həzm edə bilmir, fermentlərin və turşuların gücü çatmır. Digər tərəfdən, siqaret, içki və digər zərərli maddələrdən uzaq durmaq lazımdır. Siqaret adi görünə bilər, amma insan üçün ən böyük düşmənlərdən biridir. Siqaret səbəbindən ağciyərlərdə ciddi dəyişikliklər yaranır və dünyada bir çox xəstəliklərin başlıca səbəbi məhz siqaretdir. Həyat tərzinə diqqət yetirmək çox önəmlidir. Bundan başqa, səbr və təmkinli olmaq lazımdır. Allah təmkinli insanları sevir. Nevrozlardan, stressdən və gərginlikdən mümkün qədər uzaq durmaq vacibdir. Ekoloji mühit, hava, su, qida və həyat tərzindəki pozuntular artdıqca xəstəliklər cavanlaşır və insan sağlamlığı daha çox risk altına düşür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər