media-5d819048-2818-469d-bf2f-e6b90b12c8c4

Bəzən bir mesajın “görüldü” qalması cavabsız sözlərdən daha çox şey deyir. Bu susqunluq təsadüfi də ola bilər, amma bəzi hallarda münasibətlərdə görünməyən dəyişikliklərin siqnalına çevrilir – diqqətsizlik, daxili yorğunluq və ya şüurlu şəkildə məsafə saxlamaq kimi.

Bəs mesajı görüb cavab verməmək psixoloji baxımdan nəyi göstərir? Bu, sadəcə laqeydlikdir, yoxsa qarşı tərəfə qarşı emosional uzaqlaşmanın başlanğıcı?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu davranış əksər hallarda qarşı tərəfə marağın azalması və ya ünsiyyətdən şüurlu şəkildə məsafə saxlamaq istəyi ilə əlaqəli olur:

media-67342862-b23c-4e35-b7d0-19979a946d8e

“Mesajı görüb cavab verməmək tək bir səbəblə izah olunmur. Bu davranış bəzən laqeydlik, bəzən emosional uzaqlaşma, bəzən isə sadəcə psixoloji və ya situativ yüklənmənin nəticəsi ola bilər.

Psixoloji baxımdan bir neçə ehtimal var:

Bəzi hallarda bu, emosional uzaqlaşmanın göstəricisi olur. İnsan qarşı tərəflə ünsiyyətə əvvəlki qədər maraq duymur, amma bunu açıq şəkildə deməkdə çətinlik çəkir və passiv şəkildə məsafə yaradır.

Digər tərəfdən, bu davranış qaçınma mexanizmi də ola bilər. İnsan cavab verməli olduğu mövzudan, konflikt ehtimalından və ya emosional yükdən qaçmaq üçün cavabı gecikdirir və ya ümumiyyətlə yazmır”.

Psixoloq qeyd edir ki, mesajı görüb cavab verməmək çox vaxt laqeydlikdən yox, zehni yorğunluq, diqqət dağınıqlığı və ya həmin an cavab verməyə hazır olmamaqdan qaynaqlanır:

“Bəzən isə səbəb çox sadədir: zehni yorğunluq və ya diqqət dağınıqlığı. İnsan mesajı görür, ‘sonra cavab verərəm’ deyir, amma unudur və ya enerjisi çatmır. Xüsusilə sosial və emosional tükənmə yaşayan insanlarda bu daha çox müşahidə olunur.

Laqeydlik də ehtimallar arasındadır, amma bunu təkcə mesaj üzərindən qəti demək düzgün deyil. Davranışın davamlılığı, münasibətin ümumi dinamikası və insanın digər hallardakı reaksiyaları daha çox şey deyir.

Ümumiləşdirsək, bir dəfəlik cavabsızlıqdan nəticə çıxarmaq doğru deyil. Amma bu davranış təkrarlanırsa, artıq bu, ya marağın azalması, ya da ünsiyyətdən qaçınma ilə bağlı siqnal kimi dəyərləndirilə bilər. Ən sağlam yanaşma isə bunu ehtimallarla yox, açıq ünsiyyətlə aydınlaşdırmaqdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər