"Görüşdə mühüm layihələr üzrə razılaşmaların əldə olunması prosesin praktiki nəticələrə doğru yönəldiyini göstərir" - ŞƏRH
Dünən Azərbaycan nümayəndə heyəti İrəvana səfər edib. Səfər çərçivəsində Ermənistanın Ağveran qəsəbəsində keçirilən delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclasında tərəflər bir sıra mühüm layihələri razılaşdırıblar.
Bu görüş və tərəflər arasında artan təmaslar ilə bağlı politoloq Ramiz Alıyev Patrul.az-a öz fikirlərini bildirib:
“Dünən Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri və Ermənistanın Ağveran qəsəbəsində keçirilən delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclası iki ölkə arasında normallaşma prosesinin institusional mərhələdə davam etdiyini göstərir. Tərəflər arasında belə yüksək səviyyəli və müntəzəm təmasların saxlanılması, xüsusilə sərhədin delimitasiyası kimi həssas və texniki baxımdan mürəkkəb məsələlərdə, siyasi iradənin mövcudluğunun mühüm göstəricisi kimi qiymətləndirilə bilər”.
R.Alıyev qeyd edir ki, görüşlər razılaşmaların praktik nəticələrə və etimada yönəldiyini göstərir:
“İclasda bir sıra mühüm layihələr üzrə razılaşmaların əldə olunması, prosesin yalnız müzakirə müstəvisində deyil, praktiki nəticələrə doğru yönəldiyini nümayiş etdirir. Delimitasiya üzrə komissiyaların ardıcıl görüşləri, həmçinin tərəflərin qarşılıqlı anlaşma və etimad mühitinin formalaşdırılmasına yönəlmiş addımlar atmaq niyyətini təsdiqləyir”.

Politoloqun sözlərinə görə, artan təmaslar sərhədlərin dəqiqləşdirilməsi və regional sabitlik üçün mühüm baza yaradır:
“Ümumilikdə, son dövrlərdə müşahidə olunan intensiv təmaslar regional sabitlik baxımından əhəmiyyətli faktor kimi çıxış edir. Sərhədlərin müəyyənləşdirilməsi və hüquqi baxımdan dəqiqləşdirilməsi uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq üçün baza yaradır. Bu prosesin davamlılığı isə tərəflərin siyasi dialoqa sadiqliyindən və əldə olunan razılaşmaların icrasına yanaşmasından asılı olacaq”.
Cəmilə Cəfərzadə






