media-ultra-processed-foods-may-cause-colorectal-cancer-according-to-science

Müasir tibbi araşdırmalar göstərir ki, gündəlik qidalanma vərdişləri xərçəng xəstəliklərinin yaranması və inkişafında ciddi rol oynayır. Mütəxəssislərin fikrincə, uzun müddət zərərli qidaların qəbul edilməsi orqanizmdə hüceyrə zədələnməsinə, xroniki iltihaba və müxtəlif onkoloji xəstəliklərə səbəb ola bilər.

Patrul.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) hesabatlarında xüsusilə emal olunmuş ət məhsullarının təhlükəli olduğu vurğulanır. Kolbasa, sosiska, vetçina, hot-doq və hisə verilmiş ətlər 1-ci qrup kanserogenlər siyahısına daxil edilib.

Araşdırmalara görə, gündə cəmi 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini təxminən 18 faiz artırır.

Mütəxəssislər bildirirlər ki, bu məhsulların hazırlanması zamanı istifadə olunan nitrit və digər konservantlar orqanizmdə kanserogen maddələrə çevrilərək DNT hüceyrələrini zədələyə bilir.

Risk yaradan digər əsas amillərdən biri isə həddindən artıq qızardılmış və yanmış qidalardır. Xüsusilə yüksək temperaturda bişirilən ət məhsullarında əmələ gələn bəzi kimyəvi birləşmələr xərçəng riskini artırır.

Fast food məhsulları, trans yağlarla zəngin hazır qidalar və sənaye üsulu ilə hazırlanan souslar da təhlükəli hesab edilir. Bu məhsulların tərkibində olan süni dadlandırıcılar, trans yağlar və yüksək duz miqdarı hüceyrə mutasiyalarına və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Araşdırmalara görə, şəkərli qazlı içkilər və hazır meyvə şirələri də ciddi risk yaradır. Bu məhsullar piylənmə, yüksək insulin səviyyəsi və xroniki iltihab yaradaraq bəzi xərçəng növlərinin inkişafına zəmin hazırlayır.

Bundan əlavə, həddindən artıq duzlu və konservləşdirilmiş qidalar, süni rəngləndirici və kimyəvi əlavələrlə zəngin məhsullar, eləcə də çox isti içkilərin davamlı istifadəsi də risk faktorları sırasında göstərilir.

Mütəxəssislər kiflənmiş ərzaqların istifadəsinin xüsusilə təhlükəli olduğunu vurğulayırlar. Kif tutmuş çörək, qoz-fındıq və taxıl məhsullarında yaranan toksinlər qaraciyər və həzm sistemi üçün ciddi təhlükə yarada bilər.

Həkimlər xərçəng riskini azaltmaq üçün balanslı qidalanmanı vacib hesab edirlər. Tövsiyələrə əsasən, gündəlik rasionda tərəvəz, meyvə, tam taxıl məhsulları, balıq və antioksidantlarla zəngin qidalara üstünlük verilməlidir. Xüsusilə brokkoli, ispanaq, kələm, nar və qaragilə kimi məhsulların orqanizmi sərbəst radikallardan qoruduğu bildirilir.

Mütəxəssislər eyni zamanda siqaretdən uzaq durmağı, artıq çəkidən qorunmağı və fiziki aktivliyi də xərçəngdən qorunmanın əsas şərtlərindən biri hesab edirlər.


Bənzər xəbərlər