Gündəlik məhsulların bahalaşmasının əsas səbəbi daxili monopoliyalardır – İqtisadçı
Son aylarda əhalinin gündəlik tələbat məhsullarının qiymət artımı ilə bağlı narahatlığı daha da artıb. Bazarlarda, supermarketlərdə və yerli istehsal məhsullarında müşahidə olunan bahalaşma həm istehlakçıları, həm də sahibkarları çətin vəziyyətdə qoyur. Qiymət dəyişikliyinin sürətli olması isə prosesin hansı amillərdən qaynaqlandığı barədə suallar yaradır.
Bəs gündəlik istehlak məhsullarının bahalaşması daha çox daxili bazarın struktur problemlərindən irəli gəlir, yoxsa xarici iqtisadi təsirlərdən?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, gündəlik istehlak məhsullarının bahalaşması həm daxili istehsal və bazar problemlərindən, həm də xarici iqtisadi təsirlərdən qaynaqlanır:
“Gündəlik istehlak məhsullarının bahalaşması həm daxili, həm də xarici amillərin təsiri ilə formalaşır. Daxili amillərə istehsalın yüksək maya dəyəri, bazarda rəqabətin azlığı və inhisarçılar, logistika və distribusiya problemləri, kənd təsərrüfatında məhsuldarlığın aşağı olması, eləcə də vergilər və tənzimləyici yük daxildir. Xarici amillərə isə valyuta kurslarının dəyişməsi, qlobal enerji və ərzaq qiymətlərinin artması, ticarət məhdudiyyətləri və rüsumlar, qlobal tələbat və təklif şokları aiddir. Bahalaşmanın səbəbi çox vaxt hər iki amilin birgə təsiri nəticəsində ortaya çıxır. Əgər qiymət artımı əsasən yerli istehsal və bazar strukturundan qaynaqlanırsa, bu, daxili amillərin üstünlük təşkil etdiyini göstərir; idxal və xarici xammal üzrə dəyişikliklər daha effektlidirsə, onda xarici amillər dominant olur.”
İqtisadçının sözlərinə görə, Azərbaycanda qiymət artımının əsas səbəbi istehsal, satış və idxal sahəsində formalaşmış monopoliyalar, həmçinin Tarif Şurasının yalnız artımı əks etdirən “tənzimləmə” qərarlarıdır:
“Azərbaycan iqtisadiyyatında qiymət artımına ən çox təzyiq göstərən amil istehsal, satış və idxal monopoliyasıdır. Digər tərəfdən, qiymətlərin bir qismi hökumətin nəzarətindədir və bu sahədə tətbiq edilən qərarlar da inhisarçıların həyata keçirdiyi qiymət artımlarının ardınca sürünür. Tarif Şurası qiymətləri artıranda hökumət mediaya təzyiq göstərir ki, ‘qiymət artımı’ yox, ‘qiymət tənzimlənməsi’ yazılsın. Bu ifadə daha mücərrət və manipulyativ səslənir. Halbuki ‘tənzimləmə’ həm artım, həm də azalma mənasını verə bilər. Lakin bizdə bu ‘tənzimləmə’ həmişə yalnız qiymət artımı ilə nəticələnir. Bu da cəmiyyətdə narazılıq yaradır: nədən bu ‘tənzimləmə’ bir dəfə də olsun qiymətlərin ucuzlaşmasını əks etdirmir? Çünki Tarif Şurası faktiki olaraq digər inhisarçıların təsiri altındadır. Əslində isə bunun tam əksi olmalıdır.”
Cəmilə Cəfərzadə






