media-inshot_20260205_155850140

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Milli Məclisin deputatı Azər Kərimli Patrul.az-a bu barədə fikirlərini bölüşüb.

Heç bir cinayətin cəzasız qalmadığını vurğulayan millət vəkili bir daha xatırladıb ki, 2026-cı il 5 fevral tarixində Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqələndirilən sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri üzrə açıq məhkəmə prosesində yekun hökm elan olunub:

“Bu hökmün əsas siyasi və mənəvi məğzi isə cəmiyyət üçün bir cümləyə sığır: “heç bir cinayət cəzasız qalmır.” Bu cümlə, əslində, təkcə sərt çağırış deyil, həm də hüququn aliliyinin və fərdi cinayət məsuliyyətinin bərqərar olmasının prinsipial ifadəsidir. Müasir beynəlxalq hüquqda da (xüsusən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kontekstində) cəzasızlıqla mübarizə dövlətlərin həm öhdəliyi, həm də legitimliyinin mühüm ölçülərindən biridir.

Burada hüquqi yanaşmanın “özəyi” bir prinsipdir: kollektiv günahlandırma yox, fərdi məsuliyyət. Cinayət hüququ konkret şəxsə aid sübutlar, epizodlar, komanda-səlahiyyət əlaqəsi, qərarvermə zənciri və əmrin icrası kimi meyarlar üzərindən işləyir. Yekun hökmün ictimai rezonansı nə qədər böyük olsa da, məhkəmənin dili hüquqi dildir: ittiham, sübut, tərkib, qərar”.media-inshot_20260205_155045796

A.Kərimlinin sözlərinə görə, bu prosesin ictimai-siyasi məzmununu bir neçə müstəvidə oxumaq olar:

“İlk növbədə bu ədalətin bərpası və qurbanların hüquqlarının müdafiəsidir. Münaqişə və işğal illərində zərər çəkmiş şəxslər üçün “ədalət” abstrakt anlayış deyil, konkret cavab gözləntisidir: “cinayət araşdırıldı, günahlandırma sübutlandı, cəza tətbiq olundu.” Bu, hüquqi dövlətin ən ağır sınaqlardan birində,müharibə cinayətləri kontekstində, özünü təsdiq etməsi deməkdir.

Bu məhkəmə hökmləri həmçinin qarşısınıalma effekti rolunu oynayır. Cəzasızlıq ən təhlükəli “stimuldur”: gələcəkdə oxşar cinayətlərin təkrarlanmasına zəmin yaradır. Hökmün sərtliyi təkcə keçmişin hesabı deyil, həm də gələcəyə mesajdır: müharibə cinayətlərinə “siyasi toxunulmazlıq” pərdəsi çəkilmir.

Və sonda bu hökmlər 2023 cü ildən sonra real suverenlik mərhələsini bərpa etməklə yanaşı, böyük Zəfərin hüquqi legitimliyə çevrilməsi xəttidir”.

“5 fevral 2026-cı il hökmləri ictimai şüurda sadəcə “məhkəmə xəbəri” deyil. Bu, uzun illər davam edən münaqişə tarixində cəzasızlıq hissinə qarşı verilən açıq cavabdır: cinayət fərdiləşdirilir, araşdırılır və məhkəmə qərarı ilə hüquqi nəticəsini alır.

Ən vacib məqam isə budur ki, bu yanaşma “xalq”a və ya “millət”ə qarşı deyil, konkret şəxslərin konkret əməllərinə dair fərdi məsuliyyət məntiqinə söykənir. Məhz bu səbəbdən “heç bir cinayət cəzasız qalmır” fikri emosional qəzəb cümləsi yox, hüquqi dövlətin sərt, amma vacib hökmüdür”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər