Bayram və qeyri-iş günlərində işləyənlərə əlavə ödəniş niyə həmişə verilmir? - Ekspert açıqladı
Bayram və qeyri-iş günlərində işçi işə cəlb olunursa əlavə ödəniş edilməlidir. Bu, Əmək Məcəlləsinin 164-cü maddəsində əksini tapıb. Qanun işçinin hüquqlarını tanıyır.
Bəs işəgötürənlər niyə bayramda işləyənlər niyə əlavə pul vermir?
Mövzu ilə bağlı Patrul.az-a danışan Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, bayram və qeyri-iş günlərində işçilərin işə cəlb olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir:
“Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, həmin günlərdə işləyən əməkdaşlara əməkhaqqı ən azı ikiqat məbləğdə ödənilməlidir. Bu norma işçinin sosial müdafiəsini və əmək hüquqlarını qorumaq məqsədi daşıyır.
Lakin praktikada bir çox hallarda işəgötürənlər bu tələblərə tam əməl etmirlər. Bunun əsas səbəblərindən biri sahibkarların əlavə xərc yükündən yayınmağa çalışmasıdır. Azərbaycanda bayram və qeyri-iş günlərinin sayı da kifayət qədər çoxdur, bəzi hallarda ardıcıl 5–7 günlük tətil dövrləri yaranır. Bu müddətdə fəaliyyətini dayandırmayan müəssisələr üçün işçilərə ikiqat əməkhaqqı ödəmək əlavə maliyyə yükü formalaşdırır. Xüsusilə kiçik və orta sahibkarlar bunu iqtisadi baxımdan sərfəli hesab etmədikləri üçün bəzi hallarda əlavə ödənişdən yayınmağa çalışırlar”.

İqtisadçı, digər mühüm səbəbin isə əmək bazarında yüksək rəqabət və iş tapmağın çətinləşməsi olduğunu qeyd edib:
“Hazırkı şəraitdə bir çox insanlar iş yerlərini itirmək riskindən ehtiyat etdikləri üçün hüquqlarını tələb etməkdən çəkinirlər. Reallıq ondan ibarətdir ki, bəzi işçilər əlavə iş saatlarına, bayram və istirahət günlərində işləməyə razı olsalar da, qanunla nəzərdə tutulan əlavə ödənişi tələb edə bilmirlər. Çünki işini itirmək qorxusu, alternativ iş imkanlarının məhdudluğu və əmək bazarındakı rəqabət onların hüquqi tələblərini açıq şəkildə irəli sürməsinə mane olur. Bu problem yalnız özəl sektorda deyil, bəzi hallarda dövlət qurumlarında da müşahidə olunur. İşçilərin iş vaxtından əlavə və ya şənbə-bazar günlərində işə cəlb edilməsi halları olur, lakin buna uyğun əlavə ödəniş və ya kompensasiya hər zaman tətbiq edilmir. Halbuki qanunvericilikdə həm dövlət, həm də özəl sektor üçün əmək hüquqları eyni şəkildə müəyyən olunub”.
“Xüsusilə xidmət, ticarət, ictimai iaşə, logistika və istehsal sahələrində bayram günlərində işçi qüvvəsinə ehtiyac artır. Amma qanun açıq şəkildə göstərir ki, işçi qeyri-iş günündə işləyirsə, onun əməyinə görə əlavə ödəniş edilməlidir. Əmək münasibətlərinin tam rəsmiləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi, işçilərin hüquqi maarifləndirilməsi və əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin artırılması bu problemin həlli baxımından vacib məsələlərdən biridir”,– deyə o, fikirlərini yekunlaşdırıb.
Ləman Sərraf






