HƏMAS-dan Trampın Qəzza ilə bağlı təklif etdiyi sülh planına cavab: "Silahların təhvil verilməsi tələbinə razılıq verməyəcək"
Fələstinin islamçı təşkilatı HƏMAS ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını narazılıqla qarşılayıb.
Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, təşkilatın yüksək səviyyəli rəsmisi bildirib ki, plan Fələstin xalqının hüquqlarını nəzərə almır və əsasən İsrailin maraqlarına xidmət edir.
Rəsmi açıqlamada qeyd olunur ki, HƏMAS planın əsas şərtlərindən biri hesab olunan tərksilah və silahların təhvil verilməsi tələbinə razılıq verməyəcək.
Həmçinin təşkilat Müvəqqəti Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin Qəzza zolağında yerləşdirilməsi ideyasını da qəbul etəyib və bunu “işğalın yeni forması” kimi qiymətləndirib.
HƏMAS nümayəndələri vurğulayıblar ki, Trampın təşəbbüsü fələstinlilərin siyasi hədəflərinə uyğun gəlmir və bölgədə ədalətli sülh yaratmaq əvəzinə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Xatırladaq ki, 30 sentyabrda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahuyla görüşdən sonra Qəzza üzrə planı ilk dəfə təqdim edib.
Plan qəbul olunacağı halda əsas müddəalar belədir:
İsrail Qəzzanı işğal etməyəcək və ilhaq etməyəcək; girovlar geri qaytarılacaq və müharibə dərhal sona çatacaq; Qəzza müvəqqəti texnokrat hökuməti tərəfindən idarə olunacaq; yardım yalnız BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə paylanacaq; Qəzzanın yenidən qurulması üçün beynəlxalq fond və investisiya proqramı yaradılacaq; ABŞ və regional tərəfdaşların nəzarətində beynəlxalq sabitləşdirmə qüvvəsi yerləşdiriləcək. Plan həmçinin Fələstin dövlətinin qurulmasına doğru yol açmağı hədəfləyir.
Qeyd edək ki, Tramp açıqlamasında HƏMAS-a 3-4 gün vaxt verdiyini açıqlamışdı. HƏMAS isə ABŞ liderinin təklif etdiyi 20 maddəlik sülh planına qarşı reaksiyasını müzakirə etmək məqsədilə digər fələstinli qruplarla görüşməyi planlaşdırır.
Gülbəniz Səfərova






