media-inshot_20260217_212353481

Bu günlərdə Milli Məclisdə müzakirə olunan məsələlərdən biri də məhz məktəblərdəki summativ qiymətləndirmələrin çoxluğu idi.

Belə ki, 1-ci siniflərdə bu qiymətləndirilmələrin aparılması ləğv olsa da, digər ibtidai və yuxarı siniflərdə hər ay şagirdlər həm hər dərsdən test imtahanı verirlər, həm də yarım ilin sonunda Böyük Summativ Qiymətləndirmə adlı imtahanları verirlər. Əlbəttə, bu qiymətləndirmələrin məqsədi şagirdlərin biliklərinin yoxlanmasıdır.

Ancaq hər ay, hər fəndən keçirilməsinə ehtiyac varmı? Məktəblərdə summativ qiymətləndirmələrin sayını azaltmaq mümkündürmü?

Mövzu ilə bağlı Patrul.az təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.

O bildirib ki, şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün təşkil edilən summativ qiymətləndirmələr onlara daha çox imtahan stresi yaşatmağa səbəb olur:

“”Təhsil haqqında” qanunda da qeyd olunduğu kimi şagirdlərin qiymətləndirilməsi summativ testlərlə yanaşı, formal qiymətləndirmələrlə həyata keçirilməlidir. Bir ayda hər fəndən həm kiçik, həm də böyük summativ qiymətləndirmələrin keçirilməsi şagirdləri əlavə basqı altında saxlayır. Bu, həm onların psixologiyasına təsir göstərir, həm də müəllim və valideynlərə əlavə əziyyət olur”.

media-inshot_20260217_212231400

“Düşünürəm ki, summativ qiymətləndirmələr rüb ərzində 3-4 dəfə deyil, 1-2 dəfə keçirilsə, daha məntiqli və məqsədli olar. Bu, həm də onların əlavə dərs yükü məsələsini azalda bilər. Müəllimlər də hər dəfə imtahan suallarının hazırlanması üçün ayırdıqları vaxtı şagirdlərin nəticələrini daha da yaxşılaşdırmaq istiqamətində sərf edə bilərlər”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər