Hərbi xidmət müddəti 6 ay azaldıla bilərmi? – Vəkildən açıqlama
Azərbaycan qanunvericiliyində hərbi xidmət müddəti və onun tənzimlənməsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Xüsusilə son dövrlər çağırışçılar və onların ailələri arasında xidmət müddətinin qısaldılması, alternativ mexanizmlər və mövcud hüquqi çərçivə ilə bağlı maraq artmaqdadır. Bu kontekstdə tez-tez belə bir sual aktuallaşır: Azərbaycan qanunvericiliyinə görə, hərbi xidmət müddəti 6 ayadək azaldıla bilərmi və bu halda hansı hüquq və qaydalar tətbiq olunur?
Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyi hərbi xidmət müddətinin müəyyən kateqoriyalar üzrə 6 ay azaldılmasını mümkün saysa da, çağırışçılar üçün belə bir dəyişiklik yalnız genişmiqyaslı təhlükəsizlik və institusional qiymətləndirmələrdən sonra həyata keçirilə bilər:
“Azərbaycan qanunvericiliyinə əsasən, həqiqi hərbi xidmət müddətinin 6 ayadək azaldılması prinsip etibarilə hüquqi baxımdan mümkündür, lakin bu məsələ yalnız normativ-hüquqi dəyişikliklərlə deyil, eyni zamanda dövlətin müdafiə qabiliyyəti, regional təhlükəsizlik mühiti və hərbi doktrina ilə sıx bağlıdır. Son qəbul edilən dəyişikliklərə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya müqavilə əsasında könüllü şəkildə həqiqi hərbi xidmətə daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 6 ay azaldılaraq 1 il müəyyən edilib. Bu yanaşma göstərir ki, qanunverici orqan xidmət müddətinin azaldılmasını istisna etmir və müəyyən kateqoriyalar üzrə bu mexanizmi artıq tətbiq edib. Eyni hüquqi məntiq baxımından, nəzəri olaraq çağırışçıların həqiqi hərbi xidmət müddətinin də 6 ay azaldılması mümkündür, lakin bu, yalnız hərtərəfli və dərin təhlükəsizlik, kadr, strateji və institusional təhlillər aparıldıqdan sonra gündəmə gətirilə bilər”.

Vəkilin sözlərinə görə, hazırkı qanunvericilik və müzakirə olunan layihələr çağırışçıların hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutmur və bu məsələ yalnız təhlükəsizlik şəraitinin köklü şəkildə dəyişməsi halında gündəmə gələ bilər:
“Bununla yanaşı, məndə olan məlumata əsasən hazırkı mərhələdə qüvvədə olan qanunvericilikdə və Milli Məclisdə müzakirədə olan qanun layihələrində çağırışçıların həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılmasını nəzərdə tutan konkret təkliflər mövcud deyil. Hazırda ali təhsilli şəxslər üçün 1 il, ali təhsili olmayanlar üçün isə 1 il 6 ay xidmət müddəti qüvvədə qalır. Qanunvericinin mövqeyi ondan ibarətdir ki, bu müddətlər mövcud hərbi-siyasi şəraitdə optimal hesab olunur. Gələcəkdə belə bir dəyişiklik yalnız regionda təhlükəsizlik risklərinin əhəmiyyətli dərəcədə azalması, sülh mühitinin möhkəmlənməsi və ordunun daha peşəkar, müqaviləli modelə keçidi təmin olunduğu halda mümkün ola bilər. Bu baxımdan, xidmət müddətinin daha da azaldılması məsələsi hazırda potensial hüquqi imkan kimi mövcuddur, lakin praktik və normativ gündəlikdə yer almır”.
Cəmilə Cəfərzadə






