media-1748248282_image

Fransa Prezidenti Emmanuel Makronun üzünə həyat yoldaşı Bricit Makronun qısqanclıq zəminində şillə vurduğu iddia edilir.

Patrul.az xəbər verir ki, bu barədə məlumat 13 may 2026-cı ildə işıq üzü görən “Təqribən mükəmməl bir cütlük” adlı kitabda öz əksini tapıb.

Fransalı jurnalist Florian Tardifın müəllifi olduğu kitabda Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun şəxsi həyatı ilə bağlı yeni məlumatlar yer alıb.

Müəllif özü də hadisə ilə bağlı verdiyi müsahibələrin birində qeyd edib ki, cütlük arasında gərginliyin yaranmasına səbəb Bricitin Prezidentin telefonunda iranlı aktrisa Qolşifte Fərahanidən gələn mesajları görməsi olub.

Jurnalist bildirib ki, Makronun bir neçə ay ərzində Fərahaniyə qarşı “platonik marağı” olub.

Kitabda Prezidentin aktrisaya “Səni çox cazibədar hesab edirəm” və “Çox gözəlsən” kimi mesajlar göndərdiyi iddia edilir.

Müəllif iddia edir ki, Bricit Makron bu mesajları təyyarə Vyetnama eniş edərkən görüb və bu səbəbdən təyyarənin qapısı açılan an Makronun üzünü sərt şəkildə itələyib (ictimaiyyət arasında “şillə” kimi yozulan an).

Bu iddiaları təkzib edən Bricit Makronun nümayəndələri bildiriblər ki, təyyarədəki gərginlik yorğunluqdan qaynaqlanıb və həmin vaxt Emmanuel Makron sadəcə həyat yoldaşını güldürməyə çalışıb. Həmçinin Fransanın birinci xanımı da heç vaxt həyat yoldaşının şəxsi telefonunu yoxlamadığını söyləyib.

Məlumat üçün bildirək ki, iddialarda adı hallanan iranlı aktrisa Qolşifte Fərahani Emmanuel Makronla hər hansı bir sevgi əlaqəsi olmadığını bildirərək, bu cür şayiələrin insanların həyatındakı sevgi boşluğundan yarandığını qeyd edib.

Xatırladaq ki, 25 may 2025-ci il tarixində Fransa Prezidentinin rəsmi təyyarəsi Vyetnamın paytaxtı Hanoy şəhərindəki “Noi Bai” Beynəlxalq Hava Limanına eniş etdikdən dərhal sonra, təyyarənin qapısı açılarkən Bricit Makronun Emmanuel Makronun üzünə şillə vurduğunu əks etdirən görüntülər yayılmışdı. Bundan sonra isə Prezident özünü itirərək kameralara əl sallayıb.

Həmin vaxt bu hadisə ilə bağlı yayılan iddiaları cütlük “zarafat və oyun” adlandırıb. Emmanuel Makron özü də ötən il verdiyi açıqlamada bu görüntülərin şişirdildiyini və həyat yoldaşı ilə sadəcə zarafatlaşdıqlarını açıqlamışdı.

Aktrisa Qolşifte Fərahani

Gülbəniz Səfərova


Bənzər xəbərlər