“İki ölkə arasında baş tutan görüşlər daim dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır” - ŞƏRH
Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Nazirlər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün əhəmiyyəti barədə Patrul.az-a şərh edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər istər dövlət başçıları, istərsə də xarici işlər nazirləri və digər rəsmi şəxslər səviyyəsində daim dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu görüşlər və müzakirələr hər zaman iki ölkənin maraqlarına xidmət edən, qarşılıqlı faydalı nəticələrlə yekunlaşan görüşlər kimi yadda qalır:
“Mən hesab edirəm ki, son zamanlar baş tutan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü də məhz bu qəbildən olan vacib görüşlər sırasında yer alır. Bu görüşdə, şübhəsiz ki, iki ölkəni maraqlandıran və xalqların rifahına yönəlmiş məsələlər əsas müzakirə mövzusu olub”.

Onun sözlərinə görə, hazırda Qafqaz bölgəsi, eləcə də yaxın coğrafiyamız bir sıra həssas və strateji mərhələdən keçir:
“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi reallığa çevrilmək üzrədir və bu istiqamətdə ciddi diplomatik fəaliyyətlər həyata keçirilir. Bu proseslərin irəliləməsində, xüsusilə də Azərbaycan və Türkiyə arasında aparılan yüksək səviyyəli danışıqların və görüşlərin mühüm rolu olub.
Həmçinin, bu cür görüşlərdə Türk dünyasının birliyi və həmrəyliyi də daim diqqət mərkəzində olur. Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda Türk dövlətləri arasında inteqrasiya proseslərinə və bölgə sabitliyinə də töhfə verir”.
M. Göyüşlü bu strateji tərəfdaşlığın əhəmiyyətini İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı bərpa və yenidənqurma mərhələsində də aydın şəkildə gördüyümüzü vurğulayıb:
“Azərbaycan bölgədə müəyyən qonşu ölkələrlə hələ də tam həll olunmamış münasibətlər fonunda sabitlik və əməkdaşlıq axtarışındadır. Bu baxımdan Türkiyə ilə mütəmadi dialoq və əməkdaşlıq, həm təhlükəsizlik baxımından, həm də siyasi və iqtisadi sabitlik baxımından olduqca əhəmiyyətlidir”.
“Nəticə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə arasında bu cür yüksək səviyyəli görüşlər ölkələrimizin strateji maraqlarına xidmət edir, regional sabitliyə və Türk dünyasının birliyinə töhfə verir. Bu müzakirələrin gələcək əməkdaşlığa müsbət təsir edəcəyinə və yeni perspektivlər açacağına inanıram”,- deyə o əlavə edib.
Ləman Sərraf






