media-560zltlpe6xibdkrrpxoxlebffxm9ecqw90gzzty_1200-1

İlin sonunda yenidən diqqətçəkən astronomik hadisələrdən biri – Super Ay müşahidə olunacaq. Bu hadisə həm elmsevərlərin, həm də səma gözəlliklərinə maraq göstərən insanların diqqət mərkəzinə çevrilib.

Bəs Super Ay nədir, necə baş verir və Ayın insanlara və təbiətə hər hansı təsiri varmı?

Bu barədə astroloq Aytən Salami Patrulaz.az-a açıqlamasında bildirib ki, astrologiyada süper ay, Ayın Yerə ən yaxın nöqtəsində olub daha güclü enerji və emosional təsir yaratdığı dövrdür:

“Astrologiyada “süper ay” ayın Yerə ən yaxın nöqtəsində olduğu dövrü ifadə edir. Yəni, Ay Yer kürəsinə yaxın məsafədə yerləşdiyi zaman bir dolunay və ya yeni ay baş verərsə, bu hadisə “süper ay” adlanır. Sadə dildə desək, bu vaxt Ay daha böyük və parlaq görünür. Belə dövrlərdə Ayın enerjisi artır və Yer kürəsinə təsiri daha güclü olur. Astrologiyada Ay duyğuları, emosionallığı və enerjini təmsil etdiyindən, süper ay zamanı baş verən dolunay və ya yeni ay hadisəsi hansı bürcdə baş verirsə, həmin bürcün mövzularında — və əgər digər planetlərlə pozitiv və ya neqativ aspektlər formalaşırsa, o istiqamətdə həyatda mühüm dəyişikliklər yaşana bilər”.

media-tia_ac3d4b45ba0b1905e1316a1b4be05ea3_2e1srpvz73j5kbaynmh6-645x430-1

A. Salami süper dolunay zamanı Ayın güclü enerjisi insanlarda emosional gərginlik və fiziki narahatlıqları artıra biləcəyini vurğulayıb:

“Ay astrologiyada dişi qüvvəni, dişi enerjini təmsil edir və onunla bağlı baş verən bütün hadisələr insanın emosional vəziyyəti ilə əlaqəlidir. Ay həmçinin insan bədəni, bilinçaltı, duyğular, yuxular, bədəndəki su kütləsi və qadın hormonları ilə də bağlıdır. Buna görə də, Ayda baş verən hər bir yeni ay və dolunay insanlarda emosional və fiziki təsirlər yarada bilər, xüsusilə də dolunay zamanı bu təsirlər daha güclü olur.

Əgər “süper dolunay” yaşanarsa, bu zaman Yer kürəsində, xüsusilə də həssas insanlarda yuxusuzluq, halsızlıq, baş ağrıları, depressiya, aqressivlik, bədəndə suyun artması, şişkinlik və miqren kimi halların müşahidə olunması mümkündür. Həmçinin, super Ay hadisəsi baş verdiyi zaman onun Yer kürəsinə olan məsafəsi azalır və təxminən 356 min kilometr olur. Yəni, Ay adi haldan daha yaxın məsafədə yerləşir. Bu zaman o, səmada daha iri və parlaq görünür, təxminən 14 faiz daha böyük, 30 faiz isə daha parlaq görünür”.

Astroloqun sözlərinə görə, Super Ayın insanlara təsiri onun yerləşdiyi bürcə və aldığı aspektlərə bağlıdır:

“Super Ayın insanlar üzərindəki təsirləri onun yerləşdiyi bürclə bağlıdır. Çünki Ay duyğuların və emosiyaların simvoludur və onun hansı bürcdə yerləşməsi böyük əhəmiyyət daşıyır. Hər bir Super Ay hadisəsi hansı bürcdə baş verirsə, həmin bürcün mövzuları insan həyatına təsir göstərir.

Ayın sevdiyi bürclər – Xərçəng, Buğa, Tərəzi və Balıqdır. Əgər Super Ay bu bürclərdə baş verərsə, daha çox pozitiv hadisələr müşahidə olunur.

Ayın sevmədiyi bürclər isə Əqrəb, Qoç, Qız və Oğlaqdır. Bu bürclərdə Super Ay baş verdikdə isə daha çox neqativ tərəflər üzə çıxır və mənfi təsirlər hiss olunur. Bu artıq astroloji analiz sayılır. Hadisə baş verən zaman astroloji xəritə açılır, Ayın yerləşdiyi bürc və aldığı aspektlər araşdırılır və buna uyğun olaraq təsirlər təhlil olunur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər