"Bizim kimi istedadları efirə çağırmırlar" - Mehman Elmanoğlu
“İndiki oxuyanların çoxu səslə yox, başqa şeylərlə qabağa gedirlər”.
Patrul.az xəbər verir ki, bu sözləri “Xəzər Axşamı” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın qonağı olan müğənni Mehman Elmanoğlu deyib.
O, verilişdə efirlərə istedadlı insanlardansa, daha çox istedadı olmayan şəxslərin dəvət olunmasından gileylənib. Müğənni bildirib ki, hazırda trend olan bir çox ifaçı canlı oxuya bilmir, lakin buna baxmayaraq geniş auditoriya toplayaraq insanların zövqünü korlayırlar. Onun sözlərinə görə, peşəkar ifaçılar isə kənarda qalır.
“Gəlsinlər bu meydan, bu da şeytan. Canlı oxuya bilməyən trend müğənnilər var, amma millətin zövqünü korlayırlar. Bizim kimi yaxşı ifaçılar isə kənarda qalır. Gəlsinlər, oxuyaq. Mən illərlə təhsil almışam, konservatoriya, incəsənət universiteti bitirmişəm, “”Xalq ulduzu”nun qalibi olmuşam, Aybəniz Haşımovanın “”Bülbüllər” qrupunda çıxış etmişəm”, – deyə o qeyd edib.
Müğənni həmçinin təhsil almasına və uzun illər təcrübəyə malik olmasına baxmayaraq, yalnız bir telekanal tərəfindən dəvət olunmasından narazılığını da dilə gətirib. Onun sözlərinə görə, bu günə qədər ona əsas dəstək göstərən yeganə kanal “Xəzər TV” olub.
“‘Xəzər” kanalından başqa mənə dəstək olan yoxdur. Mən bunu əvvəlki müsahibələrimdə də qeyd etmişdim”, – sənətçi əlavə edib.
Qeyd edək ki, Mehman Elmanoğlu Azərbaycan musiqi səhnəsində özünəməxsus ifa tərzi ilə seçilən sənətçilərdən biridir. O, “Gələndə Yox”, “Həsrət Nəğməsi”, “Bəh-Bəh” kimi mahnıları ifa edərək dinləyicilər arasında geniş maraq qazanıb və populyarlıq əldə edib.
Müğənninin ifaları təkcə televiziya və səhnə ilə məhdudlaşmır. Onun musiqi layihələri müxtəlif rəqəmsal platformalarda da rəsmi şəkildə yayımlanır. Xüsusilə “Gələndə Yox” adlı təkli Apple Music və digər musiqi platformalarında dinləyicilərə təqdim olunaraq geniş auditoriyaya çatdırılıb.
Gülbəniz Səfərova






