media-inshot_20260227_185339953

Son illərdə informasiya axınının sürətlənməsi, xüsusilə sosial şəbəkələrin geniş yayılması ilə mənfi xəbərlərin gündəlik həyatımızda payı xeyli artıb. Müharibə, zorakılıq, iqtisadi çətinliklər, təbii fəlakətlər və digər neqativ hadisələrlə bağlı xəbərlər demək olar ki, hər gün və fasiləsiz şəkildə auditoriyaya təqdim olunur. Bir çox hallarda sensasiya və reytinq xatirinə bu cür məlumatlar daha qabardılmış formada yayımlanır. Nəticədə insanlar davamlı olaraq stress yaradan informasiyaya məruz qalır və bu, cəmiyyətin psixoloji durumuna təsirsiz ötüşmür.

Bəs mənfi xəbərlərin davamlı yayılması insanların psixoloji sağlamlığına konkret olaraq necə təsir göstərir?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, mənfi xəbərlərin davamlı yayılması insanın psixoloji sağlamlığını zəiflədərək xroniki stress, narahatlıq və dünyaya qarşı pessimist baxış formalaşdıra bilər:

“Mənfi xəbərlərin geniş şəkildə yayılması insanın psixoloji sağlamlığına çoxşaxəli və dərin təsir göstərir. Bu təsir təkcə emosional səviyyədə narahatlıq yaratmaqla kifayətlənmir, həm də düşüncə tərzini, davranış modellərini və hətta dünyanı qavrama formasını dəyişə bilir. İnsan beyni təhlükəyə qarşı həssas şəkildə formalaşıb. Bu, təkamül baxımından həyatda qalmaq üçün vacib mexanizm olub. Lakin müasir informasiya mühitində təhlükə artıq real fiziki risk deyil, fasiləsiz şəkildə təqdim olunan informasiya axınıdır. Xüsusilə mənfi xəbərlər beyin tərəfindən daha tez və daha güclü qəbul edilir. Çünki beyin təhlükə siqnallarını prioritet hesab edir. Bu səbəbdən insanlar şüurlu şəkildə istəməsələr belə mənfi xəbərlərə daha çox diqqət yetirir və onları daha uzun müddət yadda saxlayırlar. Uzunmüddətli olaraq bu proses xroniki stress vəziyyəti yaradır. İnsan real həyatda təhlükə ilə qarşılaşmasa belə psixoloji olaraq təhlükə içində olduğu hissini yaşamağa başlayır. Bu isə narahatlıq səviyyəsinin artmasına, ümidsizlik hissinin güclənməsinə və gələcəklə bağlı pessimist düşüncələrin formalaşmasına səbəb olur. Davamlı mənfi informasiya fonu insanın dünyanı təhlükəli, ədalətsiz və idarəolunmaz bir yer kimi qavramasına gətirib çıxarır”.

media-inshot_20260227_184547814

Psixoloqun sözlərinə görə, davamlı neqativ informasiya axını insanlarda empatiyanın azalmasına, sosial uzaqlaşmaya və psixoloji dözümlülüyün zəifləməsinə səbəb ola bilər:

“Digər mühüm təsir emosional yorğunluqdur. İnsanlar bir müddət sonra empatiya qabiliyyətində azalma yaşayır. Çünki fasiləsiz faciə, zorakılıq və böhran xəbərləri emosional müdafiə mexanizmlərini işə salır. Bu isə ya həddindən artıq həssaslaşma, ya da tam əksinə emosional laqeydliklə nəticələnə bilər. Hər iki vəziyyət psixoloji tarazlıq üçün risklidir. Mənfi xəbərlərin yayılması həm də sosial münasibətlərə təsir edir. İnsanlar daha çox güvənsizlik hiss etməyə başlayır. Bu güvənsizlik təkcə cəmiyyətə deyil, yaxın münasibətlərə də sirayət edə bilir. Dünya təhlükəli kimi təqdim olunduqca insanın təhlükəsizlik ehtiyacı artır və bu, bəzən qapanma, sosial izolyasiya və ya aqressiv müdafiə davranışları ilə nəticələnir. Eyni zamanda informasiya yüklənməsi fenomeni yaranır. İnsan çoxlu sayda neqativ məlumat qəbul etdikdə qərarvermə qabiliyyəti zəifləyir, diqqət dağınıqlığı artır və psixoloji dözümlülük azalır. Bu da gündəlik funksionallığa birbaşa təsir edir. Bu səbəbdən də mənfi xəbərlərin intensiv yayılması təkcə emosional narahatlıq yaratmır, həm də insanın təhlükəsizlik hissini zəiflədir, ümumi psixoloji rifahını aşağı salır və dünyanı qavrama formasını dəyişdirir. Sağlam informasiya gigiyenası bu baxımdan müasir dövrdə psixoloji sağlamlığın qorunmasının vacib şərtlərindən birinə çevrilmişdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər