İnkişaf edən ölkələrin təhsil modeli fonunda Azərbaycan təhsili: Boşluqlar nədədir?
Son dövrlər məktəblərdə intizam pozuntuları, təhlükəsizlik problemləri və sosial şəbəkələrin şagirdlərə təsiri ilə bağlı narahatlıqlar artıb. Bu fonda Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Avstraliya və İspaniyada tətbiq olunan təhsil yanaşmaları diqqət çəkir. Həmin ölkələrdə məktəblər yalnız bilik verən deyil, eyni zamanda şagirdlərin davranışını, psixoloji rifahını və rəqəmsal mühitdə təhlükəsizliyini formalaşdıran məkan kimi çıxış edir. Media savadlılığı, onlayn davranış qaydaları və zorakılığın qarşısının alınması mövzuları tədrisin vacib hissəsidir.
Bu təcrübələrdən hansı elementlərin Azərbaycanda tətbiqi məktəblərdə intizamın və təhlükəsizliyin gücləndirilməsinə, sosial şəbəkələrin mənfi təsirinin azalmasına kömək edə bilər?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az -a açıqlamasında bildirib ki,bu ölkələrin təhsil təcrübələri göstərir ki, şagird intizamı, təhlükəsizliyi və sosial şəbəkələrin mənfi təsiri inzibati qadağalardan çox, şagirdyönümlü təhsil məzmunu, psixoloji dəstək və sağlam məktəb mühiti hesabına effektiv şəkildə azaldıla bilər?
“Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, İspaniya və digər inkişaf etmiş ölkələrin məktəb və təhsil təcrübələri göstərir ki, şagird davranışı, intizam, təhlükəsizlik və sosial şəbəkə istifadəsi ilə bağlı problemlər yalnız inzibati qadağalarla deyil, təhsilin məzmunu, yanaşması və məktəb mühiti vasitəsilə daha effektiv şəkildə həll olunur. Bu baxımdan həmin ölkələrin təcrübələrinin Azərbaycanda tətbiqi həm mümkündür, həm də mövcud problemlərin azaldılması baxımından ciddi potensiala malikdir.
Avropa İttifaqı ölkələrində təhsilin əsas fəlsəfəsi şagirdin şəxsiyyət kimi formalaşmasına, fərdi xüsusiyyətlərinin nəzərə alınmasına və tənqidi düşüncə bacarıqlarının inkişafına əsaslanır. Layihə əsaslı öyrənmə, şagirdlərə seçim imkanlarının verilməsi və real problemlər üzərində işləmək şagirdlərin məktəbə münasibətini dəyişir, onları passiv icraçıdan aktiv iştirakçıya çevirir. Bu yanaşma şagirdin öz davranışına görə məsuliyyət hissini artırır, aqressiya və qarşıdurma hallarının qarşısını almağa kömək edir. Şagird özünü dəyərli və dinlənilən hiss etdikcə, zorakı davranışlara meyl də azalır.
Böyük Britaniya təhsil sistemi isə modul yanaşma və seçim dərsləri ilə seçilir. Burada şagirdlərin maraq və bacarıqları əsas götürülür, hər kəs eyni qəlibə salınmır. Bu model şagirdin məktəbdə sıxılmasının, özünü ifadə edə bilməməsinin qarşısını alır. Maraqsız və mənasız hesab etdiyi dərslərdə gərginlik yaşayan şagirdlər çox vaxt davranış pozuntularına meyilli olurlar. Fərdi təhsil planları isə bu riski azaldır və məktəbi şagird üçün daha təhlükəsiz və rahat mühitə çevirir.
Avstraliya təcrübəsində təhsil daha çox real həyatla əlaqələndirilir. Şagirdlər praktiki tapşırıqlar, komanda layihələri və sosial məsuliyyət tələb edən fəaliyyətlər vasitəsilə öyrənirlər. Bu model əməkdaşlıq, empati və qarşılıqlı hörmət kimi dəyərləri gücləndirir. Komanda işi şagirdlər arasında münasibətləri sağlam müstəviyə daşıyır, qarşıdurma və zorakılıq hallarının azalmasına şərait yaradır. Eyni zamanda, rəqabət və əməkdaşlıq balansının qorunması şagirdlərin emosional gərginliyini idarə etməyi öyrədir.
İspaniya təhsil sistemi isə kreativlik, sosial bacarıqlar və psixoloji dəstək mexanizmləri ilə fərqlənir. Məktəblərdə psixoloq və mentorluq sisteminin güclü olması şagirdlərin daxili problemlərinin erkən mərhələdə aşkarlanmasına imkan yaradır. Davranış pozuntularının böyük bir qismi diqqətsizlik, emosional boşluq və sosial təcrid nəticəsində yaranır. Psixoloji dəstək və mentorluq isə bu problemləri dərinləşmədən həll etməyə kömək edir. Bu yanaşma müəllim–şagird münasibətlərini də sağlamlaşdırır və müəllimə qarşı aqressiyanın qarşısını almaqda mühüm rol oynayır”.

Təhsil ekspertinin sözlərinə görə,ümumilikdə, şagird aqressiyası və təhlükəsizlik problemlərinin həlli cəza və qadağalardan deyil, psixoloji dəstək, valideyn–məktəb əməkdaşlığı və şagirdyönümlü müasir təhsil yanaşmalarının mərhələli tətbiqindən keçir:
“Son günlər Azərbaycanda müşahidə olunan bəzi şagirdlərin aqressiv davranışları göstərir ki, problem təkcə intizam qaydalarının sərtləşdirilməsi ilə həll edilə bilməz. Bu, daha çox psixoloji, sosial və pedaqoji yanaşmaların birgə tətbiqini tələb edir. Xarici təcrübələrdə olduğu kimi, şagirdin davranışına səbəb olan amillərin – stress, diqqətsizlik, mənasızlıq hissi, sosial mediada yanlış təsirlər – aradan qaldırılması əsas hədəf olmalıdır. Xüsusilə, valideynlərin bu prosesdə aktiv iştirakının təmin edilməli, valideyn–məktəb əməkdaşlığı yalnız yığıncaqlar və formal görüşlərlə məhdudlaşmamalı, davamlı və səmərəli ünsiyyətə əsaslanmalıdır. Şagirdin davranışı, psixoloji vəziyyəti və təhlükəli meyilləri ilə bağlı valideynin məsuliyyəti aydın şəkildə müəyyənləşdirilməli, məktəb və ailə bu məsələdə birgə mövqe nümayiş etdirməlidir.Bu təcrübələrin Azərbaycanda tətbiqi birbaşa köçürmə yolu ilə deyil, milli-mənəvi dəyərlər, sosial mühit və məktəbin real imkanları nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilə bilər. Pilot məktəblərdə layihə əsaslı öyrənmə, seçim dərsləri, media savadlığı, psixoloji dəstək və mentorluq mexanizmlərinin tətbiqi gələcək üçün sağlam model yarada bilər. Eyni zamanda müəllimlərin bu sahədə peşəkar inkişafı, valideynlərin prosesə cəlb edilməsi və məktəb–icma əməkdaşlığının gücləndirilməsi vacib şərtlərdən biridir.Ümumiyyətlə, düzgün uyğunlaşdırılmış müasir təhsil yanaşmaları şagird intizamının möhkəmlənməsinə, məktəblərdə təhlükəsiz mühitin formalaşmasına və sosial şəbəkələrdən sağlam istifadənin təşviqinə ciddi töhfə verə bilər. Bu modellər şagirdi cəzalandırılan obyekt kimi deyil, anlayan, dinləyən və istiqamət verən sistemin mərkəzində dayanan bir fərd kimi görür və məhz bu yanaşma uzunmüddətli və dayanıqlı həllin əsasını təşkil edir”.
Cəmilə Cəfərzadə






