İnsanlar “çöpçü”yə niyə inanır? – PSİXOLOJİ SƏBƏBLƏR
“Cəmiyyətimizdə “çöpçü” adlandırılan — boğazda qalmış meyvə qırıntılarını, tumu və ya digər yad hissəcikləri çıxaran şəxslər — hələ də kifayət qədər populyardır. İnsanların bu praktikalara inanmasının arxasında bir neçə psixoloji səbəb dayanır”.
Bu sözləri Patrul.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.
Onun sözlərinə görə, birinci səbəb panik vəziyyətdə insanın ən yaxın, ən tez və ən sadə həll yoluna üz tutmasıdır:
“Boğazda yad cismin yaratdığı narahatlıq insanda qorxu, boğulma hissi və təlaş yaradır. Bu halda beyin “hər saniyəni itirmə” rejiminə keçir və insan ona ən yaxın, ən tez kömək edə biləcək şəxsə müraciət edir. Çöpçülər isə çox vaxt məhz bu rolu yerinə yetirir.
İkinci səbəb xalq təbabətinə olan yüksək etimaddır. Nəsillər boyu davam edən ənənələr insan psixikasında “yoxlanmış üsul”, “ənənəvi müalicə” kimi formalaşır. Uşaq vaxtından valideynlərindən və nənə-babalarından çöpçü haqqında eşidən insan bu praktikanı təhlükəli hesab etmir və onu bir növ ailəvi-mədəni “təhlükəsizlik hissi” ilə əlaqələndirir”.
Psixoloq bildirib ki, insanlar çox vaxt boğazla bağlı narahatlığın tibbi müdaxilə tələb edib-etmədiyini ayırd edə bilmirlər:
“Bu qeyri-müəyyənlik şəraitində psixoloji rahatlıq gətirən bir fiqura — çöpçüyə müraciət narahatlığı azaldır. İnsan özünə “gedim, çöpçü baxsın, heç olmasa içim rahatlasın” deyir. Bu, emosional təsdiq ehtiyacının bir formasıdır. Bəzən boğazdakı narahatlıq real yad cismin ilişməsindən deyil, qıcıqlanmadan, stressdən və ya panikadan yaranır. Çöpçü müdaxiləsindən sonra insan özünü daha yaxşı hiss edir və bunu onun “bacarığı” ilə əlaqələndirir. Halbuki təsirin böyük hissəsi psixoloji rahatlamadan irəli gəlir.
Son olaraq, insanlar həkimə müraciəti çox vaxt daha çətin, vaxt aparan və baha proses kimi görürlər. Bu isə çöpçünü sosial baxımdan daha əlçatan və daha səmimi alternativə çevirir”.
“Psixoloq kimi vurğulamaq istəyirəm ki, belə inanclar insanların ağılsızlığı ilə bağlı deyil — bu, insan psixikasının çətin vəziyyətlərdə təhlükəsizlik, yaxınlıq, tez həll və emosional dayaq axtarma meyli ilə bağlıdır. Əsas məsələ insanların sağlamlıqlarına zərər vermədən düzgün qərar verə bilmələri üçün maarifləndirilməsidir”, – deyə o əlavə edib.
Ləman Sərraf






