media-inshot_20250828_182326943

Qorxu insanın ən təbii hislərindən biridir. Bizi təhlükədən qoruyur, diqqətli olmağa vadar edir. Amma bəzən qorxular o qədər qeyri-adi və məntiqsiz olur ki, insanın özünə belə qəribə gəlir. Psixologiyada bu cür hallara “fobiya” deyilir. Dünyada yüzlərlə müxtəlif fobiya mövcuddur və bəziləri həqiqətən də çox təəccüblüdür.

Patrulaz.az onlardan bir neçəsi haqqında məlumatı sizə təqdim edir:

Koulrofobiya – kloun qorxusu

Klounların qorxulu gəlməsinin səbəbi onların abartılı makiyajı və qeyri-təbii mimikalarıdır. Psixoloqlar deyir ki, insan üzündə ifadənin oxuna bilməməsi (gülürmü, ciddidirmi) insanda narahatlıq yaradır. Bu səbəbdən klounlar bəzi insanlarda sevincli yox, dəhşətli görünür.

Nomofobiya – telefonsuz qalmaq qorxusu

“Nomobile phobia” sözündən yaranıb. Araşdırmalara görə, xüsusilə gənc nəsildə çox yayılıb. İnsan telefonu yanında olmayanda özünü köməksiz və əlaqəsiz hiss edir. Əslində, bu fobiya müasir dövrün texnologiya asılılığının psixoloji nəticəsidir.

Ablutofobiya – yuyunmaq qorxusu

Ən çox uşaqlarda rast gəlinir, amma böyüklərdə də mövcud ola bilir. İnsan suya girəndə boğulacağı, zərər görəcəyi hissinə qapılır. Bu fobiya gündəlik gigiyena ilə bağlı problemlər yaratdığı üçün müalicəsi çox vacibdir.

Xanthofobiya – sarı rəng qorxusu

Rənglərin özü də bəzi insanlarda qorxu oyada bilir. Sarı rəng günəş, işıq və enerji ilə əlaqələndirilsə də, xanthofobiyası olan insanlar sarı əşyadan qaçır, hətta “sarı”sözünü eşidəndə belə narahat olur.

Filofobiya – aşiq olmaq qorxusu

Ən maraqlı fobiyalardan biridir. Bu qorxu, adətən, keçmişdə ağır xəyanət və ya emosional zərbə yaşamış insanlarda yaranır. Sevgi onlar üçün xoşbəxtlik yox, risk və əzab mənbəyi kimi görünür. Bu da yaxın münasibətlərdən qaçmağa səbəb olur.

Bu fobiyaların hər birinin arxasında ya uşaqlıq təcrübələri, ya travmalar, ya da beynin instinktiv qorunma mexanizmləri dayanır. Ona görə də bir çox insana gülünc görünsə də, bu fobiyalar onları yaşayanlar üçün real və çətin bir problemdir.

Ləman Sərraf


Bənzər xəbərlər