"İqtisadi çətinliklər və informasiya stressi ailə münasibətlərini pozan əsas amillərdir” - Naib Niftəliyev
Ölkəmizdə hazırda nikahların sayında azalma, boşanma hallarının isə yüksək dinamika ilə davam etməsi tendensiyası müşahidə olunur. Belə ki, 2025-ci ilin statistik göstəricilərinə əsasən, il ərzində ölkədə 48 546 nikah və 20 675 boşanma qeydə alınıb. Bu isə o deməkdir ki, boşanma sayı nikahların təxminən yarısına bərabərdir.
2026-cı ilin ilk ayında isə ölkə üzrə 2 922 nikah və 1 779 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikah sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4-dən 3,4-ə enib. Hər 1000 nəfərə düşən boşanma sayı isə cüzi azalaraq 2,1-dən 2,0-a düşsə də, nikah sayına nisbətdə boşanma göstəricisi hələ də kifayət qədər yüksək olaraq qalır.
Qlobal səviyyədə isə hər 1000 nəfərə düşən boşanma sayına görə Azərbaycan 100 ölkə arasında 66-cı sırada qərarlaşıb. Statistik göstəricilər narahatedici olsa da, reallıq bundan ibarətdir.
Ailə institutunun qorunması baxımından həyəcan siqnalı verən bu mənfi dinamikanın kökündə dayanan əsas amillər nələrdir və mövcud preventiv mexanizmlər niyə yetərsiz qalır?
Ölkəmizdə boşanma hallarının artmasının əsas səbəbləri barədə Patrul.az-a danışan sosioloq Naib Niftəliyev bildirib ki, informasiya çoxluğu və texnologiyaların inkişafı da ailədaxili münasibətlərdə pozulmalara səbəb olan amillər sırasındadır:
“Bu mənfi dinamikaya səbəb olan bir sıra obyektiv və subyektiv amillər mövcuddur. Həmin amillərin çox vaxt ciddi nəzərə alınmaması, ikinci dərəcəli faktor kimi qiymətləndirilməsi və görülən tədbirlərin preventiv xarakter daşımaması böhranlı vəziyyəti daha da dərinləşdirir və genişləndirir.
Hazırda yeni dövrdə insanların gözləntiləri və iqtisadi fəallığı ilə bağlı fərqli bir şərait formalaşıb. İnsanlar daha rahat və komfortlu peşələrdə çalışaraq stabil gəlir əldə etmək, öz rifahlarını təmin etmək istəyirlər. Biz cəmiyyətə hüquq bərabərliyi, sosial rifah və gender bərabərliyi kimi anlayışları təlqin edirik. Lakin bu məsələlərin qavranılması çox vaxt real imkanlarla üst-üstə düşmür. Bu baxımdan hər kəs daha yaxşı yaşamağa can atır və öz rifahını ön planda tutur”.
Sosioloqun sözlərinə görə, ailədə tərəflər qarşılıqlı şəkildə bir-birinə dəstək göstərməlidir:
“Öz iqtisadi motivlərini təmin edə bilməyən insanlar çox vaxt bunun məsuliyyətini qarşı tərəfin üzərinə qoyurlar. Bəzən qarşı tərəfi istismar etmək və ya onun maraqlarına toxunmaq hesabına daha komfortlu həyat qurmağa çalışırlar. Halbuki münasibətlər qarşılıqlı olmalıdır.
Əgər insan həyat yoldaşından yüksək maddi və mənəvi dəstək gözləyirsə, özü də eyni səviyyədə dəstək göstərməyi bacarmalıdır. Burada tərəflərin eyni sosial təbəqəyə mənsub olması, daha yüksək səviyyəyə yüksəlmək üçün iqtisadi fəallıq göstərməsi, təhsil və karyera istiqamətində ciddi addımlar atması vacibdir.
İnsan özünü real vəziyyətə uyğun düzgün qiymətləndirməli və qarşısına adekvat tələblər qoymalıdır. Təəssüf ki, bir çox hallarda insanların gözləntiləri reallıqla uzlaşmır. Çünki manipulyasiya imkanları və təsirləri kifayət qədər artıb”.

Həmsöhbətimiz bildirib ki, texnologiyalar da insanların həyat tərzini ciddi şəkildə dəyişir:
“Texnologiyalar inkişaf etdikcə insanların düşüncəsindəki qeyri-müəyyənlik də artır. Artıq insanlar texnologiyalardan yalnız vasitə kimi deyil, həyatın bir parçası kimi istifadə edirlər. Bu isə dələduzluq və cinayətkarlığın da yeni formalar qazanmasına səbəb olur. Belə hallar ailə böhranına birbaşa təsir edən amillər sırasındadır.
Texnologiyalarla yanaşı, iqtisadi böhran, maddi motivlər və sosial hədəflərin dəyişməsi də əsas səbəblər arasında yer alır. Bu amillər bir-biri ilə əlaqəli şəkildə ailə münasibətlərinə təsir göstərir”.
N.Niftəliyev uşaq pulu məsələsinə də toxunub:
“Yeni nəslin sağlam böyüməsi üçün dövlətin sosial siyasət istiqamətində həyata keçirməli olduğu müəyyən addımlar var. Hazırda bəzi sosial müavinətlər verilsə də, uşaq pulunun verilməsi və ya bu istiqamətdə konkret proqramların hazırlanması məsələsi tam şəkildə aydın deyil. Hətta belə görünür ki, bununla bağlı ciddi niyyət də yoxdur.
Bu vəziyyət isə uşaqların müəyyən mənada himayəsiz böyüməsinə şərait yaradır. Hamı övladdan nəsə tələb edir – işləməli, gələcəkdə əvvəlki nəsillərin pensiya təminatına töhfə verməlidir. Amma onun öz sosial müdafiəsi, təhlükəsizliyi, gələcəyi və yaşayış perspektivləri kifayət qədər diqqət mərkəzində deyil.
Çox vaxt nə qadınlar, nə də kişilər bu məsuliyyəti tam şəkildə öz üzərinə götürə bilir. Çünki qazandıqları gəlir böyük komfort üçün deyil, əsasən gündəlik yaşayış xərclərinə və getdikcə artan sağlamlıq problemlərinə sərf olunur.
Göründüyü kimi, iqtisadi çətinliklər ön plana çıxır. Bununla yanaşı, insanların gündəlik informasiya stressi ilə üzləşdiyini də nəzərə almalıyıq. İnformasiya stressi artıq iqtisadi faktorlarla birlikdə ailə münasibətlərini dəyişən, pozan və travmaya səbəb olan əsas amillərdən birinə çevrilib”.
Gülbəniz Səfərova






