media-inshot_20260420_154500259

“Son iki onillikdə Azərbaycanın keçdiyi inkişaf yolu təkcə statistik göstəricilərlə deyil, insanların gündəlik həyatında hiss olunan real dəyişikliklərlə ölçülür. Cənab Prezident Ilham Aliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər də məhz bu reallığın beynəlxalq auditoriyaya təqdimatı idi.

İqtisadiyyatın təxminən dörd dəfə artması sadəcə rəqəm deyil – bu, ölkənin dayanıqlı inkişaf modelinin göstəricisidir. Müstəqilliyinin ilk illərində ciddi iqtisadi çətinliklərlə üzləşən Azərbaycan bu gün regionun ən güclü iqtisadi mərkəzlərindən birinə çevrilib. Enerji layihələri, nəqliyyat dəhlizləri, sənaye parkları, kənd təsərrüfatının inkişafı və qeyri-neft sektorunun genişlənməsi bu yüksəlişin əsas dayaqları olub”.

Bunu Milli Məclisin deputatı Elnarə Akimova Patrul.az-a Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasındakı çıxışını şərh edərkən deyib.

E.Akimova qeyd edir ki, Prezident İlham Əliyev iqtisadi inkişafın və sosial rifahın paralel şəkildə təmin olunmasını Azərbaycanın güclü və etibarlı dövlət kimi mövqeyini möhkəmləndirən əsas faktor kimi təqdim edib:

“Ən vacib məqamlardan biri isə iqtisadi artımın sosial rifahla müşayiət olunmasıdır. Yoxsulluğun və işsizliyin 5 faiz səviyyəsinə endirilməsi dövlət siyasətinin insan amilinə söykəndiyini göstərir. Çünki iqtisadi inkişaf yalnız makroiqtisadi hesabatlarda deyil, vətəndaşın həyat keyfiyyətində əks olunanda əhəmiyyət qazanır. Yeni iş yerlərinin açılması, sosial proqramların genişləndirilməsi, regionların inkişafı və infrastruktur layihələri bu siyasətin praktik nəticələridir.

Bu gün Azərbaycanın beynəlxalq platformalarda inamla çıxış etməsi də məhz daxili sabitlik və iqtisadi gücün nəticəsidir. BMT kimi nüfuzlu bir tribunalardan səslənən bu mesajlar ölkənin yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir”.

media-inshot_20260420_154214283

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın güclü iqtisadi inkişafını və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə faktlarla təqdim edərək ölkənin artan nüfuzunu və strateji baxışını nümayiş etdirir:

“Xüsusilə postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri də iqtisadi potensialın nə qədər güclü olduğunu nümayiş etdirir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yeni kommunikasiya xətlərinin qurulması Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını ortaya qoyur.

Prezident İlham Əliyevin bu çıxışında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan öz uğurlarını yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə də faktlarla təqdim edir. Bu isə həm siyasi nüfuzun, həm də iqtisadi etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Bugünkü Azərbaycan artıq yardım gözləyən deyil, təşəbbüs irəli sürən, regional əməkdaşlığa töhfə verən və öz inkişaf modelini nümayiş etdirən bir dövlətdir. İqtisadiyyatın böyüməsi, yoxsulluğun azalması və sosial rifahın yüksəlməsi isə bu modelin ən aydın nəticəsidir. Bu reallıq həm ölkə vətəndaşlarında qürur hissi yaradır, həm də Azərbaycanın gələcəyinə olan inamı daha da möhkəmləndirir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər