İran Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır
İran Azərbaycanla münasibətlərdə yeni səhifə açıb.
Patrulaz.az xəbər verir ki, İran və srail arasında 12 gün davam edən silahlı qarşıdurma bölgədəki diplomatik balansı dəyişib. Belə ki, regionda artan gərginlik çərçivəsində Tehran qonşu ölkələrlə münasibətləri yenidən qurmağa başlayıb. Bu əsasda İran-Azərbaycan əlaqələrində də yeni mərhələnin başlandığı müşahidə olunur.
Bu barədə PANA saytı məlumat verib. Məlumatda bildirilib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə İsrailə verdiyi sərt cavab onun çəkindirmə qabiliyyətini nümayiş etdirməklə yanaşı, diplomatik meydanda da aktivliyə səbəb olub.
Məlumatda həmçinin qeyd olunub ki, Tehran hazırda qonşularla, xüsusilə Azərbaycanla münasibətlərin sabit və qarşılıqlı faydalı əsasda qurulmasına çalışır. Azərbaycanın neytral mövqeyi və İranla dostluğa sadiqliyini açıq şəkildə bəyan etməsi, iki ölkə arasında mövcud gərginliyin yumşalmasına səbəb olub.
Qeyd edək ki, son dövrlər Bakı və Tehran arasında səfirliklərin fəaliyyəti, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə danışıqların intensivləşdiyi müşahidə olunur. Bu isə tərəflər arasında qarşılıqlı etimadın bərpa olunmasına xidmət edir.
Gülbəniz Səfərova